media-img-20260611-wa0016

Ödəniş texnologiyaları nəhəngi Visa öz ödəniş şəbəkəsini ChatGPT-yə inteqrasiya edib. Bu əməkdaşlıq nəticəsində süni intellekt təkcə məhsul tövsiyə etməyəcək, həm də istifadəçinin adından alış-veriş edərək ödənişi tamamlaya biləcək.

Patrul.az-ın araşdırmasına görə, yeni sistem sayəsində ChatGPT Visa kartı qəbul edən istənilən mağazada məhsul seçə və satınalma prosesini həyata keçirə bilər. Bu, süni intellekt əsaslı ticarət sahəsində mühüm addım hesab olunur. Çünki əvvəlki oxşar həllər adətən yalnız müəyyən mağazalar və ya məhdud sayda tərəfdaş platformalarda işləyirdi.

Razılaşmaya əsasən, OpenAI süni intellekt agentlərinin məhsulları tapması, qərar verməsi və alış prosesini başlatması üçün texnologiyanı təmin edəcək. Visa isə ödənişlərin təsdiqlənməsi, təhlükəsizlik nəzarəti və mümkün fırıldaqçılıq hallarının qarşısının alınmasına cavabdeh olacaq.

Visa-nın məhsul və strategiya üzrə direktoru Cek Forestell bildirib ki, süni intellekt agentləri iqtisadiyyatın aktiv iştirakçısına çevrildikcə, əsas məqsəd əməliyyatların etibarlı, təhlükəsiz və rahat şəkildə həyata keçirilməsini təmin etməkdir.

Şirkətin San-Fransiskoda keçirilən tədbirində təqdim olunan nümunəyə görə, istifadəçi ChatGPT-dən 150 dollardan ucuz simsiz qulaqlıq tapmasını istəyə bilər. Süni intellekt uyğun məhsulu müəyyənləşdirəcək və istifadəçinin adından alış-verişi tamamlayacaq.

Bu funksiyadan istifadə etmək üçün müştərilər Visa kartlarını ChatGPT hesabına bağlamalı olacaqlar. Təhlükəsizliyi təmin etmək məqsədilə xərcləmə limitləri, məcburi təsdiq mərhələləri və yalnız əvvəlcədən təsdiqlənmiş mağazalar siyahısı kimi əlavə nəzarət mexanizmləri tətbiq ediləcək.

Visa bildirib ki, mübahisəli əməliyyatlar və şikayətlər zamanı şirkət adi ödənişlərdə istifadə olunan qaydaları tətbiq edəcək. Bu zaman alıcının həqiqətən həmin alış-verişə razılıq verib-vermədiyi və satıcının əməliyyatı düzgün icra edib-etmədiyi araşdırılacaq.

Qeyd edək ki, bu, OpenAI-nin elektron ticarət sahəsində ilk təşəbbüsü deyil. Şirkət ötən ilin sonunda ChatGPT vasitəsilə internetdə məhsul axtarışı və sifarişi üçün “Instant Checkout” funksiyasını təqdim etmişdi. Lakin sistemdə texniki problemlərin olması, satıcıların tətbiq olunan 4 faiz komissiya haqqına maraq göstərməməsi səbəbindən layihə geniş yayılmadı və mart ayında dayandırıldı.

Visa və OpenAI yeni əməkdaşlığın maliyyə şərtləri, eləcə də satıcılar və istifadəçilər üçün nəzərdə tutulan mümkün ödəniş haqları barədə məlumat açıqlamayıblar.

Ləman Sərraf


Bənzər xəbərlər