Süni səslə kiminsə adından danışmaq qanun qarşısında hansı məsuliyyəti yaradır? - Hüquqşünas açıqladı
Süni intellekt texnologiyalarının sürətlə inkişafı ilə saxta səs yazıları və videolar hazırlamaq əvvəlkindən daha asanlaşıb. Lakin bu cür materialların kiminsə adından danışmaq, yalan məlumat yaymaq və ya şəxsin nüfuzuna zərər vurmaq məqsədilə istifadə edilməsi ciddi hüquqi nəticələr doğura bilər.
Bəs süni intellektlə hazırlanmış saxta səs və videolar vasitəsilə kiminsə adından danışmaq və ya onu nüfuzdan salmaq hansı hüquqi məsuliyyət yaradır?
Bu barədə hüquqşünas Babək Umudov Patrul.az-a açıqlamasında bildirib ki, saxta səs və ya video yayaraq kiminsə nüfuzuna zərər vurmaq böhtan hesab oluna və cinayət məsuliyyəti yarada bilər:
“Süni intellekt texnologiyalarının (Deepfake) köməyi ilə kiminsə səsini və ya videosunu saxtalaşdıraraq onun adından danışmaq, yaxud onu nüfuzdan salmaq həm mülki, həm inzibati, həm də ən ağır hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan qanunvericiliyində “deepfake” termini xüsusi maddə ilə təsbit olunmasa da, bu əməllər törədilən formaya və niyyətə əsasən mövcud məcəllələrin müvafiq maddələri ilə çox sərt şəkildə cəzalandırılır. Bu sahədəki əməllərə aşağıdakıları aid edə bilərik:
1. Şərəf, ləyaqət və işgüzar nüfuzun alçaldılması
Əgər saxta video və ya səs yazısı şəxsi cəmiyyət içində biabır etmək, ona böhtan atmaq və ya nüfuzdan salmaq üçün kütləvi informasiya vasitələrində (KİV) və ya sosial şəbəkələrdə yayılarsa, Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən (Böhtan) 1000-1500 manatadək cərimə, 240-480 saatadək müddətə ictimai işlər, və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər”.

B. Umudov qeyd edir ki, internetdə şəxsin şərəf və ləyaqətini qəsdən alçaltmağa görə 1000–1500 manat cərimə, 240–480 saat ictimai iş, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə nəzərdə tutulur:
“Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma
1000-1500 manatadək miqdarda cərimə və ya 240-480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Böhtan və təhqir halında zərərçəkmiş şəxs məhkəmə vasitəsilə saxta materialın təkzib olunmasını, internetdən silinməsini və ona dəymiş mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edə bilər”.
Onun sözlərinə görə, deepfake ilə dələduzluq və şantaj törətmək iri cərimələrdən 10–14 ilədək azadlıqdan məhrumetməyə qədər cəza yaradır:
“Deepfake ilə törədilən cinayətlərdən biri də saxta səs/video ilə pul tələb etmək və ya aldatmaqdır (dələduzluq). Bu texnologiyadan istifadə edərək kiminsə yaxınının (məsələn, övladının və ya rəhbərinin) səsini təqlid edib pul istəmək və ya şəxsin saxta intim xarakterli videosunu hazırlayıb “şantaj” etmək ən ağır cinayətlərdən hesab olunur:
Dələduzluq, məsələn saxta səs/video ilə qarşı tərəfi aldadıb pulunu mənimsəmək cinayətdir. Dəyən ziyanın həcmindən asılı olaraq cəza iri məbləğdə cərimələrdən tutmuş 10-14 ilədək azadlıqdan məhrumetməyə qədər uzana bilər”.
Hüquqşünas vurğulayır ki,saxta səs və videolarla pul tələb etmək, şantaj və ya dələduzluq törətmək hallarında cəza 3 ildən 17 ilədək, bəzi hallarda isə 10–14 ilədək azadlıqdan məhrumetməyə qədər çata bilər:
“”Bu saxta videonu internetə yayacağıq” deyərək pul və ya əmlak tələb etmək (hədə-qorxu ilə tələb etmə) əməlin ağırlığından və əldə edilən əmlakın dəyərindən asılı olaraq 3 ildən 17 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Bundan əlavə, saxta material hazırlamaq üçün başqasının şəxsi fotolarını, səs yazılarını onun icazəsi olmadan toplamaq və kompüter proqramları ilə emal etmək ayrıca hüquqi məsuliyyət yaradır:
Cinayət Məcəlləsi, maddə 156 – Şəxsi həyatın toxunulmazlığını pozma): Şəxs daxili razılığı olmadan onun şəxsi həyatına dair məlumatların toplanılması və yayılmasına görə 1000-2000 manatadək cərimə və ya 240-480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırıla bilər”.
Cəmilə Cəfərzadə






