Telefonla səs dəyişdirərək dələduzluq edənlərdən necə qorunmalı? Mütəxəssis açıqladı
Telefon zəngləri ilə özünü başqa şəxs kimi təqdim edən və səsini dəyişdirərək insanları aldatmağa çalışan kiberdələduzlar son dövrlərdə daha da yayılıb. Onlar adətən təcili vəziyyət yaradır, qorxu və tələskənlik hissi yaradaraq qurbanı düşünmədən qərar verməyə məcbur edirlər.
Belə hallarda isə ən vacib sual ortaya çıxır: zəng edən şəxsin həqiqətən kim olduğunu necə dəqiq yoxlamaq və bu cür səs dəyişdirən dələduzluq cəhdlərindən özümüzü necə qorumaq olar?
Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasimov Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, bu hallar “Vishing” və ya “AI Voice Cloning Scam” adlanır və məqsəd səs təqlidi ilə insanları aldatmaqdır:
“Bu cür hücumlar kibertəhlükəsizlik sahəsində əsasən “Voice Phishing (Vishing)” və ya süni intellektdən istifadə olunursa “AI Voice Cloning Scam” (səs klonlaşdırılması ilə dələduzluq) adlanır.
Son dövrlərdə kiberdələduzlar süni intellekt vasitəsilə insanların səsini təqlid edərək özlərini bank əməkdaşı, dövlət qurumu nümayəndəsi, şirkət rəhbəri və ya qohum kimi təqdim edə bilirlər”.

Z. Qasimov qeyd edir ki,belə hallarda əsas diqqət kart və şəxsi məlumatların heç vaxt paylaşılmaması, tələsik qərar verilməməsi və hər şübhəli zəngin rəsmi mənbələrlə yoxlanılmasıdır:
“Belə hallarda vətəndaşların diqqət etməli olduğu əsas məqamlar:
Telefon vasitəsilə kart məlumatları, CVV kodu, OTP/SMS təsdiq kodu və ya internet bankçılıq məlumatları tələb olunursa, bu dələduzluq əlaməti hesab edilməlidir.
Qarşı tərəf təcili qərar verməyə, pul köçürməyə və ya məlumat paylaşmağa təzyiq göstərirsə, ehtiyatlı olmaq lazımdır.
Tanış şəxsin səsi eşidilsə belə, şübhə yarandıqda zəngi sonlandırıb həmin şəxslə və ya qurumla rəsmi nömrə üzərindən yenidən əlaqə saxlamaq tövsiyə olunur.
Naməlum nömrələrdən gələn zənglər zamanı şəxsiyyət və maliyyə məlumatları paylaşılmamalıdır.
Şübhəli hallarda zəngin məzmunu yoxlanılmalı və məlumatın doğruluğu alternativ kanallarla təsdiqlənməlidir”.
Mütəxəssis vurğulayır ki, belə dələduzluqlardan qorunmağın əsas yolu emosional qərar verməmək və zəngləri rəsmi mənbələrlə yoxlamaqdır:
“Özünü qorumağın ən effektiv yolu “etibar et, amma yoxla” prinsipinə əməl etməkdir. Texnologiya inkişaf etdikcə səslərin təqlid edilməsi daha inandırıcı olur, lakin dələduzların əsas məqsədi insanları tələsdirmək və emosional qərar verməyə məcbur etməkdir.
Hər hansı şübhəli zənglə qarşılaşdıqda dərhal əlaqəni kəsmək, rəsmi qurumla birbaşa əlaqə saxlamaq və hadisə barədə aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunur”.
Cəmilə Cəfərzadə






