media-inshot_20250908_145556265

Son bir neçə ildə Azərbaycanda “kamAz” markalı yük maşınlarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb. Bunlardan ən ağırı da sentyabrın 6-da paytaxtda arxası dolu yük maşının körpüdən hərəkətdə olan avtomobillərin üzərinə aşması oldu. Üstündə ağır yükləri olan “kamAz” dönməyə çalışarkən körpüdən yerə çırpılır. Bu hadisədə göründüyü kimi baş vermiş ani qəzalar nəinki insanın özünü, hətta yoluna düzgünlüklə davam edən insanların da həyatına son qoya bilir.

Bəs, bu iri yük maşınlarının sürücüləri və digər yol iştirakçıları üçün yaratdığı riskləri minimuma endirmək üçün hansı tədbirlər görülməlidir? 

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev Patrulaz.az-a açıqlamasında bildirib ki, bu maşınların vaxtında texniki baxışdan keçirilməsi, yüklərin normativ çərçivədən artıq götürülməməsi və sürücülərin xüsusi təlim keçməsi əsas şərtlərdir:

“Ağır yüklü “kamAz”ların təhlükəsizliyi bir neçə vacib amildən asılıdır. İlk növbədə, bu maşınların mütəmadi texniki baxışdan keçirilməsi, xüsusilə əyləc sistemi, təkərlər və işıqlandırmanın saz vəziyyətdə saxlanılması vacibdir. Yüklərin normativ çərçivədə artıq götürülməməsi və maşında bərabər yerləşdirilməsi qəza riskini xeyli azaldır.

Digər tərəfdən, sürücülərin xüsusi təlim keçməsi, yol hərəkəti qaydalarına əməl etməsi və istirahət rejimini riayət etməsi əsas şərtlərdəndir. Əgər texniki baxış vaxtında aparılmırsa, maşınların sazlığı yoxlanılmırsa belə, maşınlar əslində yolda zamanla yarışan bomba ola bilər. Əyləc sistemi, təkərlər, sükanlar – bunlardan hər hansı biri sıradan çıxarsa, nəticə fəlakətli ola bilər.

Digər vacib məsələlərdən biri yüklərin miqdarı və yerləşdirilməsidir. Normadan artıq yük götürülməsi və ya yükün düzgün bərkidilməməsi maşının ağırlıq mərkəzini dəyişdirir. Bu, bir anlıq döngədə və ya enişdə yük maşınını idarə olunmaz hala gətirə bilər. Hər artıq kiloqram təhlükənin çəkisini artırır”.

O. Musayev, həmçinin sürücülərin istirahət rejiminin qorunmasının da vacibliyini vurğulayıb:

“Sürücü faktoru isə həlledici məqamlardan hesab olunur. Ağır çəkili maşını idarə edən sürücü sadəcə sükan arxasında oturmur, o, yüzlərlə insanın həyatını daşıyır. Yorğun sürücünün bir saniyə diqqətsizliyi kilometrlərlə faciənin başlanğıcı ola bilər. Ona görə də sürücülərin xüsusi təlim keçməsi, iş və istirahət rejiminin qorunması mütləqdir.

Burada infrastruktur da rol oynayır. Körpülərdə, enişlərdə, dar yollarda xəbərdarlıq nişanlarının düzgün yerləşdirilməsi, ağır çəkili maşınlar üçün xüsusi marşrutların seçilməsi təhlükəni azaldır”.

Ekspertin də qeyd etdiyi kimi, ağır yüklü maşınların təhlükəsizliyi yalnız texniki vəziyyət və sürücünün bacarığından deyil, həm də düzgün yük yerləşdirilməsi, istirahət rejiminin qorunması və infrastrukturun əlverişli olmasından asılıdır. Hər bir detal – təkərdən tutmuş əyləc sisteminə qədər həyat və ölüm arasında fərq yarada bilər. Ona görə də həm sürücülər, həm də idarəedici qurumlar məsuliyyəti ciddi qəbul etməli və bütün təhlükəsizlik tədbirlərini maksimum səviyyədə təmin etməlidirlər.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər