Xoşbəxtlik və Pul: İnsan ruhu nə ilə doyur?
Bəziləri hesab edir ki, pul rahat həyatın və xoşbəxtliyin açarıdır, digərləri isə əsl xoşbəxtliyin maddiyyatdan asılı olmadığını düşünür. Araşdırmalar göstərir ki, maddi təminat müəyyən ehtiyacları ödəsə də, insanın daxili məmnuniyyəti təkcə pulla ölçülmür.
Bəs xoşbəxtliklə maddi imkanlar arasında necə bir əlaqə var? Pul insanın xoşbəxtliyinə nə dərəcədə təsir göstərir?
Bu barədə psixoloq Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirib ki, əsl xoşbəxtlik insanın dəyərini pulla deyil, həyatındakı məna, münasibətlər və daxili məmnunluqla ölçə bildiyi zaman yaranır:
“Müasir dünyada çox insan xoşbəxtliyi maddi imkanlarla ölçməyə başlayıb. Bahalı ev, yaxşı maşın, yüksək maaş və rahat həyat… Bunlar insana təhlükəsizlik və komfort hissi verir. Amma maraqlıdır ki, bütün bunlara sahib olan insanların bir qismi yenə də daxilən boşluq yaşayır. Deməli, pul ilə xoşbəxtlik arasında əlaqə var, amma bu əlaqə düşündüyümüz qədər sadə deyil.
Psixologiyada qəbul edilən bir həqiqət var: insanın əsas ehtiyacları qarşılanmadıqda xoşbəxt olmaq çətinləşir. Maddi sıxıntı, borc, işsizlik və gələcək qorxusu beyində davamlı stress yaradır. İnsan yaşamaq uğrunda mübarizə aparanda ruh rahatlığı ikinci plana keçir. Bu səbəbdən müəyyən səviyyəyə qədər pul insanın həyat keyfiyyətini və emosional rahatlığını artırır”.

O. Şəfizadə qeyd edir ki, pul həyatı asanlaşdıra bilər, amma davamlı xoşbəxtlik daha çox sağlam münasibətlər, mənalı məqsədlər və daxili rahatlıqdan qaynaqlanır:
“Amma problem ondadır ki, insan beyni “öyrəşən” bir mexanizmə sahibdir. Dünən xəyal kimi görünən bir maaş, bir müddət sonra adi gəlməyə başlayır. Yeni alınan telefon bir neçə həftə sonra əvvəlki həyəcanı vermir. Çünki insanın emosional sistemi maddiyyata çox tez adaptasiya olur. Psixologiyada buna “hedonik adaptasiya” deyilir. Yəni insan malik olduqlarına alışır və yenidən daha çoxunu istəməyə başlayır.
Əslində pul xoşbəxtliyi satın almır, sadəcə bəzi ağrıları azalda bilir. Pul rahat yataq ala bilər, amma rahat yuxu yox. Bahalı ev ala bilər, amma isti ailə mühiti yox. İnsanların diqqətini çəkə bilər, amma səmimi sevgi yox. Çünki insan ruhunun ehtiyacları yalnız maddiyyatdan ibarət deyil.
Araşdırmalar göstərir ki, uzunmüddətli xoşbəxtliyin əsas mənbələri bunlardır: sağlam münasibətlər
aidlik hissi
mənalı həyat məqsədi
daxili rahatlıq
sevilmək və dəyər görmək hissi
mənəvi balans”.
Onun sözlərinə görə, maddi sabitlik vacib olsa da, uzunmüddətli xoşbəxtlik yalnız pulla deyil, mənalı həyat, sağlam münasibətlər və daxili rahatlıqla formalaşır:
“Maddi imkanlar insanın həyatını asanlaşdıra bilər, amma ruhunu dolduran əsas amil münasibətlər və mənadır. Çox vaxt insanlar pul qazanmaq üçün öz ruh sağlamlığını, ailəsini və daxili rahatlığını qurban verirlər. Sonra isə əldə etdikləri maddiyyatla itirdikləri huzuru geri almağa çalışırlar.
Digər tərəfdən, yoxsulluğu romantikləşdirmək də doğru deyil. Maddi sabitlik insanın psixoloji sağlamlığı üçün vacibdir. Amma pul həyatın “məqsədi” olduqda insan heç vaxt tam doymur. Çünki maddiyyatın sərhədi yoxdur, ruhun isə başqa aclığı var”.
Psixoloqun vurğulayır ki, insanın həqiqi dəyəri və xoşbəxtliyi bank hesabından deyil, kim olduğu, münasibətləri və həyatına verdiyi mənadan qaynaqlanır:
“Ən təhlükəli məqam budur: bəzi insanlar öz dəyərini bank hesabı ilə ölçməyə başlayır. Halbuki insanın dəyəri qazandığı pulla deyil, kim olduğuyla ölçülür. Özünü yalnız uğur və gəlirlə qiymətləndirən insan, bir gün uğursuzluq yaşadıqda özünü tamamilə dəyərsiz hiss edə bilər.
Xoşbəxtlik bəzən sadə bir söhbətdə, ailə süfrəsində, anlayış gördüyün bir baxışda, rahat nəfəs ala bildiyin bir anda gizlənir. İnsan ruhu təkcə “çox şeyə sahib olmaq” istəmir. O, həm də “özünü tamamlanmış hiss etmək” istəyir.
Bəlkə də həqiqi xoşbəxtlik pulun verdiyi imkanlarla, ruhun axtardığı mənanın balans qurduğu yerdə başlayır”.
Cəmilə Cəfərzadə






