media-inshot_20260113_165743766

Günlərdir Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovu axtarsa da, tapa bilməyib. Teleaparıcı efir vasitəsilə dəfələrlə onunla danışmaq istəsə də, əlaqə alınmayıb. Daha sonra X. Hidayətqızı efirdən icra başçısını sərt tənqid edib.

Patrul.az xəbər verir ki, Manşet.az günlərdir efirdən müraciət edilən və tapıla bilməyən icra başçısı ilə əlaqəyə keçib.

İcra başçısı ilə telefon danışığı zamanı “Xoşqədəm Hidayətqızı günlərdir sizi efirdən səsləyir, saytlar və portallar bu barədə yazır. Nə üçün ona cavab vermirsiniz?” sualını Məmməd Məmmədov eşitsə də, heç bir cavab verməyib.

Guya ona ünvanlanan sualı eşitməzliyə vuraraq dəstəyi asıb. Daha sonra isə telefon zənglərinə cavab verməyib.

İcra başçısı kimi rayonun rəhbəri və önəmli siyasi vəzifə sahibi Məmməd Məmmədovun mediaya belə münasibəti, onun jurnalistə, ölkənin məşhur teleaparıcısının zənglərinə cavab verməməsi və yaxud cavab verərək sualdan sonra dəstəyi asması təəssüf doğurur.

İcra başçısının diqqətinə çatdırmaq istəyirik ki, hər bir vəzifəli şəxsin başlıca vəzifəsi Azərbaycan xalqına diqqət və qayğıdan başlayır.

Qeyd edək ki, “Səni axtarıram”a Tovuz rayonundan Günel və Niyazi cütlüyü müraciət edib. Onlar 4 uşaqlı ailədir. Dolanışıqları çətin, evləri olmadığına görə proqrama müraciət edərək uşaqlarını atmaq istəmədiklərini, rayonda hər hansı işlə təmin olunmalarını istəyiblər. Onların sağlamlığı ilə bağlı məsələlər verilişdə olan həkimlər vasitəsilə həll edilib. Tovuzda işlə təmin olunmaları ilə bağlı isə rayon icra başçısına efir vasitəsilə müraciət edilsə də, məsələ ilə bağlı günlərdir cavab alınmayıb və icra başçısı ilə heç cür əlaqəyə keçmək mümkün olmayıb.


Bənzər xəbərlər