17 Noyabr – Milli Dirçəliş Günü: Azərbaycan xalqının azadlıq iradəsinin oyanışı
17 noyabr Azərbaycan tarixində sadəcə bir gün deyil, xalqın azadlıq uğrunda ayağa qalxdığı və uzun illər susdurulan səsin yenidən eşidildiyi tarixi dönüş nöqtəsidir. Bu gün 1988-ci ildə Bakıda baş verən kütləvi mitinqlərin ildönümü kimi qeyd olunur və Milli Dirçəliş Günü adlandırılır.
Patrul.az-ın məlumatına görə, 80-ci illərin sonu Sovet İttifaqının zəiflədiyi dövr idi. Ermənistandakı separatçı qüvvələrin torpaq iddiaları, Qarabağda başlayan gərginlik, sosial haqsızlıqlar və milli kimliyin sıxışdırılması Azərbaycanda narazılığı daha da artırırdı. Artıq xalqın səbr kasası dolmuşdu.
1988-ci ilin 17 noyabrında minlərlə insan Azadlıq meydanına toplaşaraq öz haqlarını tələb etməyə başladı. Bu mitinq sadəcə siyasi etiraz deyildi. O, Azərbaycan xalqının milli şüurunun oyandığı, bir millət olaraq sözünü deməyə başladığı an idi. Meydana axışan insanlar müstəqillik, ədalət və Qarabağın müdafiəsi üçün birlik çağırışları edirdi.
Mitinqlər günlərlə davam etdi. O dövrdə Sovet repressiyası hələ də davam etsə də, xalq geri çəkilmədi. Bu iradə sonradan ölkədə demokratik proseslərin formalaşmasına, milli hərəkatın güclənməsinə və nəhayət, 1991-ci ilin müstəqillik yoluna təkan verdi.
Milli Dirçəliş Günü həm də bir mesajdır:
Xalq öz gücünü dərk etdikdə, heç bir təzyiq onun iradəsini əzə bilmir.
Bu gün biz həmin günün ruhuna, azadlığa, milli birliyə və mübarizə əzminə ehtiram göstəririk. 17 noyabr tək bir tarixi hadisə deyil, Azərbaycanın yenidən doğuluşunun simvoludur.
Ləman Sərraf






