İslam bankçılığı Azərbaycanda tam tətbiq olunsa, kim qazanacaq, kim itirəcək? - İQTİSADİ TƏHLİL
Azərbaycanda İslam bankçılığının tətbiqi illərdir iqtisadi və maliyyə dairələrində müzakirə olunan mövzulardan biridir. Faizsiz maliyyələşmə prinsiplərinə əsaslanan bu modelin həm yerli bazara yeni investisiyalar cəlb edə, həm də vətəndaşlara alternativ maliyyə xidmətləri təqdim edə biləcəyi qeyd olunsa da, indiyədək ölkədə genişmiqyaslı tətbiqi reallaşmayıb. Bəs İslam bankçılığının tam tətbiqini indiyədək hansı amillər ləngidib, bu sistem Azərbaycan iqtisadiyyatına hansı üstünlükləri və riskləri vəd edir?
Patrul.az mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyevin fikirlərini öyrənib.
Onun sözlərinə görə, Azərbaycanda İslam bankçılığının tətbiqi uzun illərdir gündəmdə olsa da, bu istiqamətdə tammiqyaslı sistemin formalaşmamasının bir neçə əsas səbəbi mövcuddur:
“İlk növbədə, hüquqi və normativ bazanın tam uyğunlaşdırılmaması əsas maneələrdən biridir. Mövcud bank qanunvericiliyi əsasən ənənəvi faiz əsaslı bank modelinə uyğun qurulduğundan, İslam maliyyəsinin istifadə etdiyi Mudaraba, Muşaraka, Murabaha, İcara və Sukuk kimi alətlərin hüquqi statusu, vergitutma mexanizmləri və mühasibat uçotu ilə bağlı ayrıca tənzimləmələrə ehtiyac var. Digər mühüm amil bazarın həcmi və bank sektorunun hazırkı biznes modelidir. Azərbaycan banklarının gəlirlərinin əhəmiyyətli hissəsi faiz gəlirləri hesabına formalaşır. Faizsiz maliyyə modelinə keçid isə həm yeni risk idarəetmə sistemlərinin qurulmasını, həm də kadr hazırlığını tələb edir. Bu isə banklar üçün əlavə maliyyət və institusional transformasiya deməkdir. Eyni zamanda, ölkədə İslam maliyyəsi üzrə ixtisaslaşmış mütəxəssislərin, Şəriət nəzarət mexanizmlərinin və maliyyə infrastrukturunun məhdud olması da prosesin ləngiməsinə təsir göstərən amillərdəndir”.
Bununla yanaşı, İslam bankçılığının Azərbaycanın maliyyə sektoru üçün mühüm imkanlar yarada biləcəyini vurğulayan E.Quliyev bildirib:
“İlk növbədə, Körfəz ölkələri, Cənub-Şərqi Asiya və digər İslam maliyyəsinin inkişaf etdiyi bazarlardan əlavə investisiya cəlb etmək potensialı mövcuddur. Dünyada İslam maliyyə aktivlərinin həcmi artıq bir neçə trilyon ABŞ dollarını ötüb və bu bazardan müəyyən pay əldə etmək Azərbaycan üçün yeni maliyyə resursları demək ola bilər. Digər üstünlük maliyyə inklüzivliyinin artmasıdır. Faizsiz maliyyə prinsiplərinə üstünlük verən vətəndaşlar və sahibkarlar üçün alternativ maliyyələşmə imkanlarının yaranması bank xidmətlərindən istifadə edən müştəri bazasını genişləndirə bilər. Bundan əlavə, İslam maliyyəsində risklərin tərəflər arasında bölüşdürülməsi prinsipi real iqtisadiyyatın maliyyələşdirilməsini təşviq edir və spekulyativ əməliyyatların payını azalda bilər.
Burada çox vacib bir məqam da var. Azərbaycanda sahibkarların əhəmiyyətli hissəsi hələ də İslam bankçılığının iş prinsiplərini tam mənimsəməyib. Bir çoxları “faizsiz maliyyələşmə” anlayışını bankın biznesə heç bir maliyyə gəliri gözləmədən vəsait ayırması kimi qəbul edir. Əslində isə İslam maliyyəsi təmənnasız maliyyələşmə modeli deyil. Bu sistemdə bank kredit verən tərəf deyil, maliyyə tərəfdaşı kimi çıxış edir. Yəni bank layihənin maliyyələşdirilməsində iştirak edir, əldə olunan mənfəətdən əvvəlcədən razılaşdırılmış nisbətdə pay alır, bəzi maliyyə alətlərində isə risk və mümkün zərərin də müəyyən hissəsini bölüşür. Başqa sözlə, klassik faiz gəliri əvəzinə bank real iqtisadi fəaliyyət nəticəsində formalaşan gəlirin iştirakçısına çevrilir. Məhz bu xüsusiyyət bəzi sahibkarların gözləntiləri ilə üst-üstə düşmür. Çünki ənənəvi düşüncə tərzində sahibkar kredit üzrə sabit faiz ödəyərək əldə etdiyi əlavə mənfəətin hamısını özündə saxlamağa üstünlük verir. İslam bankçılığında isə mənfəətin bölüşdürülməsi prinsipi tətbiq olunduğundan, bu model hər sahibkar üçün eyni dərəcədə cəlbedici olmaya bilər. Buna görə də, İslam bankçılığının uğurlu tətbiqi yalnız qanunvericilik dəyişikliklərindən deyil, həm də biznes ictimaiyyətinin və cəmiyyətin bu maliyyə modelinin mahiyyəti barədə düzgün maarifləndirilməsindən asılıdır”.

İqtisadçı müəyyən risklərin də mövcud olduğunu qeyd edib:
“Əgər hüquqi baza tam formalaşdırılmadan və beynəlxalq standartlar tətbiq edilmədən bu modelə keçid həyata keçirilərsə, hüquqi mübahisələrin, məhsulların yanlış interpretasiyasının və investor etimadının zəifləməsinin şahidi olmaq mümkündür. Digər tərəfdən, İslam bankçılığı ənənəvi bank sistemini tam əvəz edən model deyil, onu tamamlayan alternativ maliyyə mexanizmidir. Dünyanın bir çox ölkəsində hər iki sistem paralel fəaliyyət göstərir və müştərilər seçim imkanına malik olur. Hesab edirəm ki, Azərbaycan üçün ən optimal yanaşma birdən-birə tam keçid deyil, mərhələli tətbiq modelidir. İlk mərhələdə pilot layihələrin həyata keçirilməsi, ayrı-ayrı İslam maliyyə məhsullarının bazara çıxarılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və bank sektorunda müvafiq institusional hazırlığın təmin edilməsi daha məqsədəuyğun olardı. Paralel olaraq sahibkarlar və əhali arasında geniş maarifləndirmə işinin aparılması xüsusi əhəmiyyət daşıyır. Çünki İslam bankçılığı yalnız “faizin olmaması” deyil, riskin, gəlirin və məsuliyyətin tərəflər arasında bölüşdürülməsinə əsaslanan fərqli maliyyə fəlsəfəsidir”.
“Nəticə etibarilə, İslam bankçılığı Azərbaycanda ənənəvi bank sisteminə alternativ deyil, onu tamamlayan əlavə maliyyə platforması kimi qiymətləndirilməlidir. Düzgün tənzimləmə, şəffaf hüquqi baza, peşəkar idarəetmə və effektiv maarifləndirmə təmin olunacağı təqdirdə, bu model ölkəyə yeni investisiyaların cəlb edilməsinə, maliyyə sektorunun şaxələndirilməsinə və iqtisadi inkişafın dəstəklənməsinə əhəmiyyətli töhfə verə bilər”,- deyə o əlavə edib.
Ləman Sərraf






