media-inshot_20260703_190713210

“Evlənmək üçün ən doğru yaş hansıdır?” sualı illərdir həm cəmiyyət, həm də elm adamları tərəfindən müzakirə olunur. Kimi erkən yaşda qurulan ailələrin daha möhkəm olduğunu düşünür, kimi isə əvvəlcə şəxsi və peşəkar inkişafın tamamlanmasının vacibliyini vurğulayır. Mütəxəssislər bildirirlər ki, uğurlu evlilik üçün bütün insanlar üçün keçərli olan vahid yaş mövcud olmasa da, elmi araşdırmalar bu mövzuya maraqlı yanaşmalar təqdim edir.

Patrul.az xəbər verir ki, araşdırmalar evlilik qərarının təkcə sevgi ilə deyil, həm də emosional yetkinlik, həyat təcrübəsi və qərarvermə bacarıqları ilə sıx bağlı olduğunu göstərir.
İnsanlar bu qərarı qəbul edərkən ailənin, dostların, cəmiyyətin gözləntilərinin və “gecikirəm” düşüncəsinin təsiri altında qala bilirlər. Psixoloqlar isə xəbərdarlıq edirlər ki, bu cür xarici təzyiqlər sağlam qərar verməyə mane ola bilər.

Mövzu ilə bağlı ən çox müzakirə olunan nəzəriyyələrdən biri “37 faiz qaydası”dır. Jurnalist Brayan Kristian və koqnitiv alim Tom Qriffitsin irəli sürdüyü bu prinsipə görə, insanlar qarşılarına çıxan seçimlərin təxminən 37 faizini qiymətləndirdikdən sonra ən optimal qərarı vermək ehtimalına malik olurlar. Əslində bu model işə qəbul kimi qərarvermə prosesləri üçün hazırlanıb. Müəlliflər sonradan həmin prinsipi həyat yoldaşı seçiminə də tətbiq ediblər.

Onların hesablamalarına əsasən, əgər insanın həyat yoldaşı seçə biləcəyi dövr şərti olaraq 18–40 yaş aralığı qəbul edilərsə, bu müddətin 37 faizi təxminən 26 yaşa uyğun gəlir. Bu yanaşmaya görə, həmin yaşdan sonra seçim imkanları tədricən azalır. Bununla belə, alimlər bu nəzəriyyənin universal qayda olmadığını, sadəcə riyazi model olduğunu xüsusilə vurğulayırlar.
Psixoloqların böyük hissəsi isə 20 yaşların sonunu evlilik üçün daha əlverişli mərhələ hesab edir. Onların fikrincə, bu dövrdə insanların əksəriyyəti təhsilini başa vurur, peşəkar fəaliyyətə başlayır, maddi və sosial baxımdan daha sabit həyat qurur. Bu da ailə məsuliyyətini bölüşmək üçün daha əlverişli şərait yaradır.

Mütəxəssislər beynin inkişafını da mühüm amil kimi qiymətləndirirlər. Araşdırmalara görə, planlaşdırma, özünüidarəetmə və uzunmüddətli qərarverməyə cavabdeh olan beyin nahiyələri təxminən 25 yaşdan sonra tam formalaşır. Buna görə də bir çox psixoloq hesab edir ki, uzunmüddətli öhdəliklər, o cümlədən evlilik qərarı üçün emosional və psixoloji yetkinlik böyük əhəmiyyət daşıyır.

Ekspertlər cütlüklərin münasibətlərini yalnız romantik hisslər üzərində deyil, birlikdə keçdikləri çətinliklər əsasında da qiymətləndirməsini tövsiyə edirlər. Təhsil, uzaqməsafəli münasibətlər, iş həyatı, maddi çətinliklər və fikir ayrılıqları kimi sınaqların birlikdə necə həll olunması gələcək ailə həyatının ən vacib göstəricilərindən hesab edilir. Çünki sağlam evlilikdə əsas rol oynayan amillərdən biri də münaqişələri konstruktiv şəkildə həll etmək bacarığıdır.
Bəzi münasibət terapevtləri isə qadınlar və kişilər üçün fərqli yaş dövrlərini daha münasib hesab edirlər. Onların fikrincə, qadınlar təxminən 28 yaşında özlərini, həyat prioritetlərini və gələcək partnyordan gözləntilərini daha aydın müəyyənləşdirirlər. Kişilər üçün isə 30 yaşların əvvəli peşəkar və emosional sabitliyin daha çox formalaşdığı dövr kimi qiymətləndirilir.

Bununla belə, elm adamları bir məsələdə həmfikirdirlər: uğurlu evliliyi yalnız yaş müəyyən etmir. Qarşılıqlı hörmət, ortaq dəyərlər, emosional yetkinlik, etibar, sağlam ünsiyyət və problemləri birlikdə həll etmək bacarığı münasibətin uzunömürlü olmasına daha çox təsir göstərir.
Mütəxəssislərin qənaətinə görə, “ideal evlilik yaşı” anlayışından daha vacib olan “ideal hazırlıq dövrü”dür. İnsan özünü emosional, psixoloji və sosial baxımdan ailə həyatına hazır hiss etdikdə verilən qərar, statistik göstəricilərdən daha etibarlı hesab olunur. Bu səbəbdən uğurlu ailə qurmağın əsas şərti müəyyən yaş həddinə çatmaq deyil, sağlam münasibət qurmağa hazır olmaqdır.

Ləman Sərraf


Bənzər xəbərlər