media-kocurme

İmtahanlar zamanı bəzi şagirdlərin dərs oxuyub hazırlaşmaq əvəzinə köçürməyə və “şparqalka”dan istifadə etməyə üstünlük verməsi hər il diqqət çəkən məsələlərdən biri olur. Bəziləri bunu vaxta qənaət etmək və yüksək nəticə əldə etmək istəyi ilə izah etsə də, mütəxəssislər bu davranışın arxasında psixoloji, sosial və təhsil mühiti ilə bağlı daha dərin səbəblərin dayandığını bildirirlər.

Bəs niyə bəzi şagirdlər zəhmət çəkərək öyrənmək əvəzinə asan yola üstünlük verirlər və bu vərdişin formalaşmasına hansı amillər təsir göstərir?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, şagirdlərin köçürməyə üz tutmasının əsas səbəblərindən biri öyrənməkdən çox qiymət almağa və uğursuzluqdan qaçmağa yönəlmələridir:

“Bəzi şagirdlərin dərs oxumaq və davamlı zəhmət çəkmək əvəzinə köçürməyə və “şparqalka”dan istifadə etməyə üstünlük verməsi təkcə tənbəlliklə izah oluna bilməz. Bu, adətən psixoloji, pedaqoji və sosial amillərin birgə təsirindən yaranan davranış modelidir. Araşdırmalar göstərir ki, şagirdlərin əhəmiyyətli hissəsi biliyi öyrənmək üçün deyil, qiymət almaq üçün oxuyur. Məqsəd öyrənmək əvəzinə nəticə əldə etmək olduqda isə ən qısa yol axtarışı başlayır. Bunun əsas səbəblərindən biri uğursuzluq qorxusudur. Dərsi tam mənimsəməyən, lakin aşağı nəticə göstərməkdən və ya valideyninin, müəllimin reaksiyasından çəkinən şagird risk etməmək üçün köçürməyə üz tutur. Psixologiyada buna “performans yönümlü motivasiya” deyilir. Belə şagird üçün əsas məsələ bacarığını inkişaf etdirməkdən daha çox başqalarının gözündə uğurlu görünməkdir”.

P. Qədimova qeyd edir ki, şagird dərsin əhəmiyyətini dərk etmədikdə və qiymətləndirmə əsasən əzbərə söykəndikdə, köçürməyə daha çox meyl göstərir:

“Digər mühüm səbəb isə daxili motivasiyanın zəif olmasıdır. Şagird öyrəndiyi mövzunun həyatla əlaqəsini görmürsə, dərsin onun gələcəyi üçün əhəmiyyətini dərk etmirsə, təbii olaraq minimum zəhmətlə maksimum nəticə əldə etməyə çalışır. Bu zaman “şparqalka” və ya köçürmə ona daha sərfəli variant kimi görünür. Təhsil psixologiyası üzrə tədqiqatlar göstərir ki, qiymətləndirmə yalnız faktları əzbərləməyi tələb etdikdə akademik dürüstlüyün pozulması halları artır. Əgər imtahan və ya yoxlama işi sadəcə yaddaşı ölçürsə, şagird məlumatı anlamaq əvəzinə onu gizli şəkildə əldə etməyin yollarını axtarır. Əksinə, tətbiq, təhlil və problem həllinə əsaslanan qiymətləndirmələrdə köçürmənin faydası əhəmiyyətli dərəcədə azalır”.

media-thuuuuuur

Onun sözlərinə görə, sinif mühitində köçürmənin adi hal kimi qəbul edilməsi və yalnız nəticəyə yönələn yanaşma bu vərdişin yayılmasına səbəb olur:

“Sosial mühit də burada mühüm rol oynayır. Əgər sinifdə köçürmək adi hal kimi qəbul olunursa və bunun ciddi nəticəsi olmursa, şagird bunu etik problem deyil, “ağıllı çıxış yolu” kimi qiymətləndirə bilir. Müşahidələr göstərir ki, insanlar ətrafdakıların davranışlarını tez mənimsəyirlər. Yəni akademik dürüstlük məktəb mədəniyyətinin bir hissəsinə çevrilmədikdə, köçürmə də normallaşır. Valideynlərin və cəmiyyətin yalnız yüksək nəticəyə fokuslanması da problemi dərinləşdirir. Bəzən şagirdə “necə öyrəndin?” deyil, “neçə aldın?” sualı verilir. Bu yanaşma nəticəni prosesdən üstün tutur və bəzi şagirdlər məqsədə çatmaq üçün düzgün olmayan vasitələrdən istifadə etməyə meyllənirlər. Rəqəmsal texnologiyalar da bu davranışı asanlaşdırıb. Smartfonlar, ağıllı saatlar və müxtəlif tətbiqlər köçürmənin üsullarını dəyişsə də, problemin mahiyyətini dəyişməyib. Texnologiya səbəbi yox, sadəcə mövcud problemi daha görünən edib”.

Təhsil eksperti vurğulayır ki,köçürmənin qarşısını almağın ən təsirli yolu şagirdlərdə öyrənmə motivasiyasını və akademik dürüstlük mədəniyyətini gücləndirməkdir:

“Problemin həlli yalnız nəzarəti gücləndirməklə kifayət etmir. Ən effektiv yanaşma şagirdlərdə öyrənmə motivasiyasını artırmaq, səhv etməkdən qorxmayan sinif mühiti yaratmaq, qiymətləndirməni daha çox düşünmə və tətbiq bacarıqlarına əsaslandırmaq, həmçinin akademik dürüstlük mədəniyyətini formalaşdırmaqdır. Şagird anlamalıdır ki, köçürmə ona yalnız qısa müddətli üstünlük qazandıra bilər, lakin uzunmüddətli perspektivdə bilik boşluqları yaradır, özünəinamı azaldır və real bacarıqların formalaşmasına mane olur. Əslində, köçürmə biliyin deyil, motivasiyanın, özünəinamın və qiymətləndirmə sisteminin vəziyyətini göstərən bir göstəricidir. Şagirdlər öyrənməyin dəyərini hiss etdikdə, səhv etməyin inkişafın təbii hissəsi olduğunu qəbul etdikdə və zəhmətin nəticə verdiyini gördükdə, “asan yol” getdikcə cəlbediciliyini itirir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər