Məhərrəmlik ayında çəllək piyvələrinin qiyməti niyə bu qədər bahalaşdı? - İqtisadçı RƏYİ
Ölkəmizdə məhərrəmlik ayı olmasına baxmayaraq, yerli istehsal olan çəllək pivələrinin qiymətində bahalaşma müşahidə olunur. İyulun 1-dən etibarən hər çəlləyin qiymətinin ən azı 10 manat artırılması rəsmən təsdiqlənib. Bundan sonra 30 litrlik çəlləyin qiyməti 60 manata, 50 litrlik çəlləyin qiyməti isə 100 manata yüksəlib. Bəs, belə bir dövrdə qiymət artımı nə ilə əlaqədardır? Buna təsir edən əsas amillər hansılardır?
İqtisadçı Razi Abbasbəyli çəllək pivələrinin bahalaşmasının əsas səbəblərini Patrul.az-la bölüşüb.
Onun sözlərinə görə, son vaxtlar bu sektorda aparılan monitorinqlər, vergiyə cəlb olunma və digər bu kimi amillər qiymətlərin artmasına səbəb olub:
“Azərbaycanda hər hansı dini ritual, mərasim və ya dövrlə bağlı olmayaraq, alkoqollu içkilərin istehlakı son illərdə artıb. Təsadüfi deyil ki, Azərbaycan keçmiş postsovet ölkələri arasında alkoqollu içkilərin istehlakına görə ikinci yerdədir və ölkəmizdə bununla bağlı statistika hər il artır. Nəticə etibarilə istehlakın artması bazarda bir sıra arzuolunmaz halların yaşanmasına səbəb olur.
Zavod istehsalı olan qablaşdırılmış pivələrin satışı ilə bağlı müvafiq vergi nəzarəti həyata keçirilidikdən sonra bu istiqamətdə qiymətlər kifayət qədər yüksəldi. Müqayisə üçün demək olar ki, Azərbaycanda 500 qramlıq qablaşdırılmış pivənin qiyməti 2 manatdan bahadır. Lakin bəzi regionlarda 500 qram çəllək pivəsinin hətta 1 manata satılmasının şahidi oluruq. Paytaxtda isə onun qiyməti 1 manat 20 qəpiklə 1 manat 40 qəpik arasında dəyişir”.

İqtisadçının fikrincə, bu sektorda pivəyə olan tələbat qiymət artımının əsas səbəbi deyil:
“Mövsümlə əlaqədar olaraq vətəndaşlar daha çox çəllək pivələrini istehlak edirlər. Bu da, əlbəttə ki, tələbin artmasına gətirib çıxarır. Lakin təkcə tələbin artması qiymətlərin bahalaşmasına səbəb olmur. İstər xammal təminatı, istərsə də istehsal xərcləri baxımından ciddi dəyişiklik yoxdur. Belə olan halda qiymətlər niyə artır?
Çünki son iki həftə ərzində vergi orqanları çəllək pivələrinin istehsalı və satışı məntəqələrində kütləvi yoxlamalara başlayıblar. Aparılan monitorinqlər zamanı həmin istehsal və satış məntəqələrində vergidən yayınma, o cümlədən vergi uçotuna alınmama halları müəyyən edilib. Nəticədə həm istehsalçılar, həm də satıcılar çəllək pivələrinin istehsalı, topdan və pərakəndə satışı üzrə vergiyə cəlb olunmağa başlayıblar. Bütün Azərbaycanı əhatə edən monitorinqlər həm sahibkarların, həm də restoran və kafelərin xərclərini artırıb”.
Ekspert əlavə edib ki vergi uçotuna alınma və vergiyə cəlb olunma əlavə xərclərin yaranmasına gətirib çıxarır:
“Bütün bunlar da təbii olaraq qiymətlərin bahalaşmasına səbəb olur. Ona görə də pivənin qiymətinin bahalaşmasına təsir edən əsas amil son günlər vergi orqanlarının çəllək pivəsinin istehsalı və satışı məntəqələrində apardıqları yoxlamalar, tətbiq edilən cərimələr və vergiyə cəlb olunmadır. Bu amillər məhsulun maya dəyərini artırır və nəticədə qiymətlərin bahalaşmasına səbəb olur”.
Gülbəniz Səfərova






