"Tramp Zəngəzur dəhlizinə adını verdikdən sonra layihə çox yaxın zamanda reallaşacaq" - İlham Əliyev
“Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq”.
Patrulaz.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Prezident bildirib ki, Zəngəzur dəhlizinin 42 km-lik dəmir yolunu Azərbaycan bir ildə tamamlaya bilər, Ermənistana isə daha çox vaxt lazım olacaq:
“Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.
İlham Əliyev Zəngəzur dəhlizinin tikintisinin yaxın olduğunu bildirərək, əsas məsələnin təhlükəsizlik olduğunu vurğulayıb. Dövlət başçısı bu layihədə hazırda işin Ermənistanın üzərinə düşməli olduğunu bildirib:
“(Zəngəzur dəhlizinin / TRIPP-in tikintisi) amerikalı investorlar tərəfindən həyata keçirilə bilər.
Əslində, bizim üçün bu, vacib deyil. Bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun. Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər. Uzunmüddətli mübarizəni və düşmənçiliyi nəzərə alaraq, təhlükəsizlikdən narahat olmamalıdırlar. Düşünürəm ki, layihənin həyata keçirilməsi çox yaxındır və indi iş Ermənistanın üzərinə düşür”.






