media-img-20251217-wa0112

Son illər onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar vaxt itirmədən, rahat şəkildə istədikləri məhsulu sifariş edə bilir. Lakin bu rahatlıqla yanaşı, şəxsi və maliyyə məlumatlarının oğurlanması, saxta saytlar və fişinq halları kimi risklər də artır. Xüsusilə bank kartı məlumatlarının üçüncü şəxslərin əlinə keçməsi ciddi maddi itkilərə səbəb ola bilər.

Bəs,onlayn alış-veriş edərkən şəxsi və maliyyə məlumatlarınızı qorumaq üçün hansı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır?

Bu barədə İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, PİN və CVV məlumatlarını paylaşmamaq, şübhəli linklərə daxil olmamaq və 2FA-nı aktiv saxlamaq vacibdir:

“​Kartın fiziki təhlükəsizliyi olaraq, PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya digər yerdə yazmayın. Onu yalnız özünüz bilməlisiniz və heç kimə açıqlamaq olmaz! Kartın arxa tərəfindəki CVV kodunu, bitmə tarixini və PİN kodunu heç kimə verməyin. Bu məlumatları yalnız etibarlı və təhlükəsiz mənbələrdə istifadə edin.

​E-poçt və ya SMS vasitəsilə gələn, bankınızın adından göndərildiyi iddia edilən linklərə klik etməyin. Bu linklər fişinq (phishing) hücumları ola bilər. Bankınızın mobil tətbiqində və ya onlayn bankçılıq hesabınızda iki faktorlu autentifikasiyanı (2FA) aktiv edin. Bu funksiya kartınızla giriş zamanı sizə SMS və ya mobil tətbiq vasitəsilə doğrulama kodu göndərir, beləliklə, parolunuz oğurlansa belə, hakerlər ikinci doğrulama kodu olmadan hesabınıza daxil ola bilməyəcək”.

 

B. Əliyev ictimai Wi-Fi şəbəkələrindən uzaq durmağın, bankomatları əvvəlcədən yoxlamağın və PİN-kodu gizli şəkildə daxil etməyin vacibliyini vurğulayıb:

“Onlayn bank xidmətlərindən ictimai Wi-Fi şəbəkələrində istifadə etməyin. Həmişə təhlükəsiz internet bağlantısı seçdiyinizdən əmin olun.​ Bankomat və POS-Terminal təhlükəsizliyi olaraq, kartı bankomata daxil etməzdən əvvəl onu diqqətlə yoxlayın. Şübhəli cihazlar və ya əlavə elementlər görsəniz, o bankomatdan istifadə etməyin. PİN kodunuzu daxil edərkən əllərinizlə klaviaturanı örtərək daxil edin ki, kənar şəxslər görməsinlər. POS-terminal vasitəsilə ödəniş etdikdə, çekin surətini ən azı məbləğin kart hesabından düzgün silindiyinə əmin olana qədər özünüzdə saxlayın”.

Ekspertin sözlərinə görə, mobil bank bildirişlərini aktivləşdirmək, kartı vaxtında bloklamaq və onlayn ödənişlərdə virtual kartdan istifadə etmək riskləri azaldır:

“​Mobil və elektron bankçılıq təhlükəsizliyi olaraq, mobil tətbiq və SMS bildirişlərindən istifadə edin: Bankın mobil tətbiqini yükləyin və SMS bildiriş xidmətini aktivləşdirin. Bu, hesabınızdakı hər hansı əməliyyat barədə anında məlumat əldə etməyinizə kömək edəcək. Bank kartı üçün onlayn ödəniş limitini təyin edin və həddindən artıq yüksək məbləğlərin çıxarılmasının qarşısını alın.​ Kartınız itdikdə və ya oğurlandıqda, mütləq qaydada dərhal banka və ya “24/7 müştəri xidməti”nə zəng edin və kartınızı bloklayın. Özünüzün həyata keçirmədiyiniz, yaxud məlumatınız olmayan hansısa əməliyyat cəhdləri barədə bildirişlər alırsınızsa, mobil tətbiq vasitəsilə dərhal kartı bloklaşdırın və banka bu barədə məlumat verin.

​Tövsiyyə olunur ki onlayn ödənişlərdə virtual kartlardan istifadə edəsiniz. Həmin karta online ödəniş edəcəyiniz qədər pul köçürərək, ödənişi həmin virtual kartla həyata keçirmək olar. Belə olan halda riskləriniz minimum olacaqdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər