4 günlük dərs həftəsi digər universitetlərdə də tətbiq oluna bilərmi? - ŞƏRH
Bəzi ali təhsil müəssisələrində 5 günlük dərs sistemi əvəzinə artıq 4 günlük həftə tətbiq olunmağa başlayıb. Bu dəyişiklik həm tələbələr, həm də universitetlər üçün müəyyən üstünlüklər yaratsa da, hələlik bütün universitetlərə şamil edilməyib.
Bəs 4 günlük dərs həftəsi digər universitetlərdə də tətbiq oluna bilərmi?
Bu mövzu ilə bağlı elm və təhsil eksperti Elçin Əfəndi Patrulaz.az-a açıqlamasında bildirib ki, bu prosesi bütün ali təhsil müəssisələrində tətbiq etmək mümkündür, lakin bunun üçün qeyri-ixtisas fənlərinin azaldılması və dərs müddətinin 70–80 dəqiqəyə endirilməsi tələb olunur:

“Ali təhsil müəssisələrində 4 günlük təhsil bütün ali məktəblərdə deyil, yalnız bəzi universitetlərdə tətbiq olunub. Bu prosesi bütün təhsil müəssisələrində tətbiq etmək olar, əlbəttə ki, bunun üçün qeyri-ixtisas fənlərinin demək olar ki, tədris prosesindən çıxarılması, həmçinin dərs müddətinin 90 dəqiqə yox, 70–80 dəqiqəyə endirilməsi ola bilər. Məhz bu zaman 4 günlük təhsil həftəsinə keçid etmək olar. Burada söhbət ali təhsil müəssisələrindən gedir. Düşünürəm ki, belə bir sistemin tətbiq olunması həm təhsil verənlərin öz inkişafına şərait yaradacaq, həm də onların elmi-tədqiqat işlərini daha asanlıqla idarə etməsinə imkan verəcək. Yəni, müsbət tərəfləri kifayət qədər çoxdur”.
Nəticə olaraq, 4 günlük dərs həftəsinin bütün ali təhsil müəssisələrində tətbiqi mümkündür, lakin bunun üçün dərs saatlarının optimallaşdırılması və fənn yüklərinin düzgün bölüşdürülməsi vacibdir. Bu model həm tədrisin keyfiyyətinə, həm də tələbə və müəllimlərin elmi fəaliyyətinə müsbət təsir göstərə bilər.
Cəmilə Cəfərzadə






