media-photo_23712

Uşaqların yanında danışılan mövzular onların düşüncə tərzinə, emosional vəziyyətinə və davranışlarına birbaşa təsir göstərə bilər. Bəzən böyüklərin adi hesab etdiyi söhbətlər belə uşaqlarda qorxu, narahatlıq və ya yanlış təsəvvürlər yarada bilir.
Bəs uşaqların yanında hansı mövzuların müzakirəsindən çəkinmək lazımdır və bunun onların psixologiyasına təsiri nə ola bilər?

Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən psixoloq Zeynəb Əyyubova bildirib ki, uşaqlar eşitdikləri hər sözü böyüklər qədər analiz edə bilmirlər, lakin onları emosional səviyyədə çox güclü hiss edirlər:

“Buna görə də uşağın yanında danışılan mövzular onun təhlükəsizlik hissinə, özünəinamına və dünyaya baxışına birbaşa təsir göstərir.
İlk növbədə, ailədaxili münaqişələrin, yüksək səslə mübahisələrin və qarşılıqlı ittihamların uşaqların yanında müzakirə olunması məsləhət deyil. Uşaq bunu öz günahı kimi qəbul edə, gələcəklə bağlı narahatlıq keçirə və özünü güvənsiz hiss edə bilər. Uzunmüddətli gərgin mühit isə təşviş, aqressiya və ya özünəqapanma kimi davranışlara səbəb ola bilər.
Digər həssas mövzulardan biri maddi problemlərdir. “Pulumuz yoxdur”, “evimizi itirəcəyik”, “dolana bilmirik” kimi ifadələr uşaqda gələcəklə bağlı qorxu yarada bilər. Xüsusilə kiçik yaşlı uşaqlar bu sözləri olduğu kimi qəbul etdikləri üçün özlərini təhlükədə hiss edə bilərlər”.

media-psixxxxxolaqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq

Psixoloqun sözlərinə görə, uşaqların yanında xəstəlik, ölüm, müharibə, zorakılıq və kriminal hadisələr haqqında yaşlarına uyğun izah edilmədən uzun müzakirələr aparmaq da tövsiyə olunmur:

“Belə söhbətlər onların təxəyyülünü qorxu ilə doldura, yuxu pozuntularına, narahatlığa və müxtəlif təşviş əlamətlərinə səbəb ola bilər.
Valideynlərin və ya digər insanların uşağın yanında davamlı tənqid edilməsi, alçaldılması və ya qeybət xarakterli söhbətlər də mənfi təsir göstərir. Uşaq bu davranışı normal ünsiyyət forması kimi mənimsəyə və gələcək münasibətlərində təkrarlaya bilər.
Həmçinin uşağın özünü onun yanında müzakirə etmək, “tənbəldir”, “heç nə bacarmır”, “problemli uşaqdır” kimi etiketləyici ifadələr işlətmək özünəinamın formalaşmasına ciddi zərər vurur. Uşaqlar böyüklərin onlar haqqında dediklərini zamanla öz şəxsiyyətlərinin bir hissəsi kimi qəbul edə bilirlər”.

Z.Əyyubova valideynlərin unutmamalı olduqları bir məsələni də qeyd edib:

“Uşaqlar təkcə deyilən sözləri deyil, danışıq tərzini, səs tonunu və emosiyaları da mənimsəyirlər. Buna görə də evdə sakit, hörmətli və təhlükəsiz ünsiyyət mühiti yaratmaq uşağın sağlam psixoloji inkişafı üçün ən vacib amillərdən biridir.
Əgər həssas mövzuların müzakirəsi qaçılmazdırsa, bunu uşağın olmadığı mühitdə etmək daha məqsədəuyğundur. Yaşına uyğun suallar verdikdə isə onu qorxutmadan, sadə və dürüst şəkildə məlumatlandırmaq lazımdır. Belə yanaşma uşağın həm emosional təhlükəsizlik hissini qoruyur, həm də sağlam düşüncə tərzinin formalaşmasına kömək edir”.

Ləman Sərraf


Bənzər xəbərlər