"Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir" - Tramp
Türkiyənin paytaxtı Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş baş tutub.
Patrul.az xəbər verir ki, görüş zamanı tərəflər regional təhlükəsizlik məsələlərini və İranın nüvə proqramını müzakirə ediblər.
Mətbuata açıqlama verən ABŞ lideri rəsmi Ankaranın da İranın nüvə silahına sahib olmasına qəti şəkildə qarşı olduğunu vurğulayıb:
“Düşünmürəm ki, Ərdoğan İranın nüvə silahına sahib olmasını istəyir. Mən buna tam əminəm”.
D.Tramp Türkiyəni “çox möhtəşəm və böyük hərbi gücə malik dövlət” kimi xarakterizə edib. O, regional gərginlik zamanı rəsmi Ankaranın proseslərə İranın tərəfində qoşulmaq üçün böyük hərbi imkanları olduğunu, lakin Türkiyənin bu addımı atmayaraq bitərəfliyini qoruduğunu diqqətə çatdırıb. ABŞ Prezidenti müharibəyə daxil olmadığına görə rəsmi Ankaraya və şəxsən R.T.Ərdoğana xüsusi minnətdarlığını bildirib.
Ağ Ev rəhbəri Türkiyənin İranı yaxşı tanıdığını və mövcud böhranın regional səviyyədə həllində bir neçə ölkə ilə birlikdə mühüm (instrumental) rol oynadığını qeyd edib.
Eyni zamanda, Tramp ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi kampaniyanı klassik “müharibə” adlandırmaqdan imtina edib. O, bu prosesi sırf “hərbi əməliyyat” və İrana qarşı “nüvəsizləşdirmə missiyası” olaraq xarakterizə edib.






