media-img-20260707-wa0046

Son dövrlər cəmiyyətdə ən kiçik narazılıqların belə böyük mübahisələrə çevrilməsi və insanların daha əsəbi reaksiya verməsi diqqət çəkir. Bəzi mütəxəssislər isə empatiya hissinin əvvəlki illərlə müqayisədə zəiflədiyini bildirirlər. Bəs insanlar niyə kiçik problemlərə əvvəlkindən daha sərt reaksiya verirlər? Cəmiyyətdə empatiya həqiqətənmi azalır?

Bu barədə psixoloq Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirir ki,insanların kiçik problemlərə daha sərt reaksiya verməsinin əsas səbəblərindən biri uzunmüddətli stress və emosional tükənmədir.

“Çünki çoxumuz artıq problemə deyil, uzun müddətdir içimizdə yığılan yorğunluğa reaksiya veririk. Daimi stress, informasiya bolluğu, sosial şəbəkələrdə müqayisə və emosional tükənmə insanın dözümlülük həddini azaldır. Buna görə də kiçik bir hadisə belə böyük partlayışa səbəb ola bilir. Son illərdə bir çox insan hiss edir ki, insanlar daha tez əsəbiləşir, daha aqressiv cavab verir və ən kiçik anlaşılmazlıq belə böyük münaqişəyə çevrilə bilir. Bu təsadüf deyil”.

media-img-20260707-wa0047

O. Şəfizadə qeyd edir ki,davamlı stress və emosional yorğunluq insanların həm dözümlülüyünü azaldır, həm də başqalarının hisslərini anlamağı çətinləşdirir:

“Beynimiz uzun müddət davam edən stress, iqtisadi narahatlıqlar, sosial şəbəkələrdə fasiləsiz informasiya axını və yüksək həyat tempi səbəbindən daim “təhlükə rejimində” işləyir. Belə vəziyyətdə insanın emosional dözümlülüyü azalır. Nəticədə əvvəllər sakit qarşılanan hadisələr indi həddindən artıq emosional reaksiya doğurur. Empatiyanın azaldığı fikri də müəyyən qədər həqiqəti əks etdirir. Əslində insanlar empatiya qabiliyyətini itirməyiblər. Sadəcə, bir çoxu öz daxili yorğunluğu, narahatlığı və həll olunmamış psixoloji yükü ilə o qədər məşğuldur ki, başqasının hisslərini anlamağa emosional resursu qalmır. İnsan öz ağrısını daşıyarkən başqasının ağrısını hiss etməkdə çətinlik çəkir”.

Psixoloqun sözlərinə görə,empatiyanı inkişaf etdirmək mümkündür və bunun üçün dinləməyi öyrənmək, emosiyaları idarə etmək və qarşı tərəfi anlamağa çalışmaq vacibdir:

“Bununla yanaşı, sosial şəbəkələr də münasibətlərə təsir edir. Yazışmalar canlı ünsiyyəti əvəz etdikcə mimika, səs tonu və emosiyalar itir. Bu isə yanlış anlaşılmaları artırır və insanları bir-birindən emosional olaraq uzaqlaşdırır. Sevindirici tərəfi odur ki, empatiya doğuşdan verilən dəyişməz xüsusiyyət deyil. Onu inkişaf etdirmək mümkündür. Dinləməyi öyrənmək, tələsmədən nəticə çıxarmaq, qarşı tərəfin vəziyyətini anlamağa çalışmaq və öz emosional sağlamlığımıza diqqət yetirmək həm fərdi, həm də cəmiyyət olaraq daha sağlam münasibətlər qurmağımıza kömək edir. Unutmayaq ki, güclü insan hər zaman yüksək səslə danışan deyil. Güclü insan qarşısındakı insanın hisslərini anlaya bilən, fərqli düşüncələrə hörmət edən və emosiyalarını idarə etməyi bacaran insandır. Cəmiyyətin psixoloji sağlamlığı da məhz bu xüsusiyyətlər üzərində qurulur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər