"4 günlük dərs həftəsinin həm müsbət, həm də mənfi cəhətləri var" - Rizvan Fikrətoğlu
Bəzi universitetlərdə ənənəvi 5 günlük dərs həftəsi əvəzinə 4 günlük sistem tətbiq olunub. Bu qərarın həm tələbələr, həm də təhsil müəssisələri üçün müsbət və mənfi tərəfləri var. Maraqlıdır, bu dəyişiklik ali təhsilin keyfiyyətinə necə təsir göstərəcək?
Bu barədə jurnalist, yazıçı Elm və təhsil eksperti İxtisas seçimi üzrə mütəxəssis Rizvan Fikrətoğlu Patrulaz.az-a açıqlamasında bildirib ki, 4 günlük dərs həftəsinin tətbiqi həm pedaqoji, həm də praktiki əsaslara söykənir və eyni zamanda enerji və nəqliyyat xərclərinin azaldılmasına xidmət edir:
“Ali təhsil müəssisələrində 4 günlük təhsil həftəsinə keçid bütün ali təhsil müəssisələrinə və bütün ixtisaslara aid deyil, yalnız bir qisminə şamil olunur. 4 günlük dərs həftəsinin tətbiqi müxtəlif səbəblərlə izah oluna bilər. Ümumiyyətlə, bu qərarın həm pedaqoji, həm də praktiki əsasları var. Burada birinci məqsəd təhsil yükünü optimallaşdırmaqdır. Bəzi ixtisaslarda həftəlik dərs saatı çox sıx görünür, lakin bunları 4 günə toplamaqla dərslərin daha səmərəli tədrisi məqsədi güdülür.
Həmçinin tələbələrin öz inkişafına vaxt ayırması baxımından əlavə fəaliyyətlər – təcrübə, tədqiqat, kurslar, könüllülük və s. üçün boş gün qazanması nəzərdə tutulur. Burada xarici təcrübəyə uyğunlaşma da əsas götürülür. Məsələn, bəzi ölkələrdə ali məktəblərdə tədris həftəsi 4,5 gün təşkil olunur ki, bu da müasir təhsil sisteminə inteqrasiya kimi təqdim oluna bilər. Bundan əlavə, enerji və nəqliyyat xərclərinin azaldılması da nəzərdə tutulur”.
R. Fikrətoğlu 4 günlük dərs həftəsinin tətbiqinin həm mənfi, həm də müsbət tərəflərini vurğulayıb:

“Müsbət cəhətlər çoxdur. Tələbələrə əlavə vaxt ayrılır, bu isə onların işlə təmin olunmasına, startaplara qoşulmasına, xarici dil və peşə kurslarına, yaxud şəxsi maraqlarına vaxt ayırmasına imkan yaradır. Boş günlərdə tələbələr araşdırmalara və layihələrə cəlb oluna bilirlər. Həftəlik dərs yükünün nisbətən azaldılması tələbələrin stresini də azaldır. Dərslər daha sıx və planlı keçirildiyindən vaxt itkisi də minimuma enir.
Lakin mənfi cəhətlər də var. Ümumilikdə dərslər 4 günə toplandıqda gün ərzində çoxsaylı məşğələlər tələbəni yora bilər. Bəzi tələbələr intensiv qrafikə uyğunlaşa bilmirlər. Qısa müddətdə çoxlu mövzunun keçirilməsi məlumatların tez unudulmasına gətirib çıxara bilər. Bəzi ixtisaslarda praktik problemlər yarana bilər. Məsələn, laboratoriya, klinik və uzunmüddətli seminar tələb edən ixtisaslarda 4 günlük qrafik çətinlik yarada bilər.
Ümumilikdə bu qərar tələbələrin yalnız auditoriyada deyil, auditoriyadan kənarda da inkişafını stimullaşdırmaq məqsədi daşıyır. Amma balans düzgün qurulmazsa, dərslərin 4 günə yığılması həm müəllim, həm də tələbə üçün əlavə yorğunluq yarada bilər. Həmçinin bayram günlərində dərslərin əvəzlənməsi məsələsində də problemlər ortaya çıxa bilər”.
Nəticə olaraq, 4 günlük dərs həftəsi həm üstünlüklər, həm də müəyyən çətinliklər yarada bilər.
Cəmilə Cəfərzadə






