Taksi pulu üstündə qalmaqal: 80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək
Bakıda taksi sürücüsü ilə xanım müştəri arasında insident baş verib.
Patrul.az Qafqazinfo.аz-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, Gülay Məmmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək taksi sürücüsünün onun evinə hücum etdiyini deyib.
Polis əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar və 1982-ci il təvəllüdlü sürücü Emin Əkbərli saxlanılıb.
Saxlanılan şəxs Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə aparılıb, eləcə də ondan şikayətçi olan qadın izahat verməsi üçün oraya dəvət edilib.
Məmmədova bildirib ki, o, taksi sürücüsünə 4 manat 70 qəpik verib, sürücü isə ona 5 manat 50 qəpik ödəməli olduğunu bildirib. Xanım pulun qalığını gətirmək üçün yaşadığı mənzilə çıxıb. Sürücü də xanımın yaşadığı mənzilə qalxıb, ona dələduz deyərək pulunu verməyi tələb edib, mənzilin qapısını təpikləyib, zorla evə daxil olmağa çalışıb.
Taksi sürücüsü isə qeyd edib ki, müştəri xırda pul gətirmək üçün gedib və 2 saat geri qayıtmayıb.
Polis tərəfindən taksi sürücüsü barəsində inzibati protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 12 sutkalıq həbs verilib.
Bu hadisə səbəbindən sürücü Yeni ili həbsdə qarşılamalı olacaq.






