media-inshot_20250805_174707918

Son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərdə istiləşmə müşahidə olunur. Tərəflər arasında intensivləşən təmaslar, uzun zamandır gözlənilən sülh müqaviləsinin imzalanmasına yaxınlaşıldığını göstərir. Lakin bu proseslərdə diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycanın sülhə marağı olduğu qədər, ABŞ hökuməti də bu gedişatı dəstəkləyir. Burada diqqətçəkən əsas məqamlardan biri də avqustun 8-də ABŞ-də Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilməsi planlaşdırılan görüşdür.

Maraqlıdır ki, Vaşinqton bu prosesə sadəcə müşahidəçi kimi deyil, aktiv iştirakçı və təşəbbüskar qismində çıxış etmək istəyir.

Bəs ABŞ niyə sülh prosesə bu qədər həvəs göstərir? Vaşinqton üçün Bakı-İrəvan münasibətlərinin normallaşması hansı səbəblərə görə əhəmiyyətlidir?

Mövzu ilə bağlı Patrulaz.az-a öz fikirlərini bölüşən Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, ABŞ-nin bu fəallığı regionda öz mühüm milli maraqlarına əsaslanır.

Onun sözlərinə görə, Vaşinqton üçün Cənubi Qafqazda sabitliyin və əməkdaşlıq mühitinin formalaşması strateji əhəmiyyət daşıyır:

“İstənilən regional gərginlik, o cümlədən qarşıdurma və hərbi münaqişələr, regionu beynəlxalq siyasətin subyektlərindən kənarda saxlayır. Belə vəziyyətdə ticarət əlaqələri mümkünsuz olur, investisiya axını dayanır, eyni zamanda mövcud regional layihələrin fəaliyyəti də ciddi çətinliklərlə üzləşir.

Bu kontekstdə ABŞ kimi dünyanın aparıcı dövlətlərindən birinin Cənubi Qafqazda mühüm milli maraqları mövcuddur. Bu maraqlara regiona investisiya qoyuluşu, beynəlxalq layihələrdə iştirak və ABŞ şirkətlərinin regional bazarda aktiv fəaliyyəti daxildir. Məhz buna görə də Vaşinqton Azərbaycan və Ermənistan arasında münaqişənin tezliklə həll olunmasında maraqlıdır. Təbii ki, bu istiqamətdə digər böyük dövlətlər də təşəbbüslə çıxış edirlər. Azərbaycan üçün isə burada əsas məsələ təşəbbüsün kimdən gəlməsi yox, ölkənin suverenliyinin qorunması və ərazi bütövlüyünün tanınmasıdır, xüsusilə də Ermənistan tərəfindən hər hansı ərazi iddiası və ya təxribatın tam istisna olunması şərtilə”.

A. Mirzəzadə fikrincə, Azərbaycanın sülhə dair irəli sürdüyü şərtlər ABŞ-də keçiriləcək görüşdə də bir daha gündəmə gətiriləcək. Millət vəkili, ümumiyyətlə Vaşinqtonun bu prosesə verdiyi dəstəyi müsbət qiymətləndirir və bunu regional sabitlik üçün mühüm addım sayır:

“Hazırda həm Azərbaycan, həm də Ermənistan ABŞ-yə vasitəçi kimi etibar edir. Prezident Donald Trampın hər iki ölkənin liderini ABŞ-yə dəvət etməsi və sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə çalışması, ümumilikdə, müsbət qarşılanmalıdır. Ona görə ki, bu təşəbbüs həm ABŞ-nin, həm də Azərbaycanın maraqlarına uyğundur.

Azərbaycan bu məsələdə mövqeyini açıq şəkildə ortaya qoyub və sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib. Lakin bu müqavilənin reallaşması üçün Ermənistanın konstitusiyasında dəyişiklik edilməli və ATƏT-in Minsk Qrupu rəsmən buraxılmalıdır. Əks halda, sülh sazişinin imzalanması mümkün olmayacaq. Şübhəsiz ki, Azərbaycan bu prinsipial mövqeyini ABŞ-də keçiriləcək görüş zamanı da səsləndirəcək. Ermənistanın hansı təkliflərlə çıxış edəcəyi isə hələlik bəlli deyil. Hər halda, İrəvan bu tarixi fürsətdən yararlanmağı bacarmalıdır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər