Ailənin maddi vəziyyəti uşaqların beyin inkişafına ciddi təsir göstərir: Araşdırma
Yeni araşdırma göstərib ki, ailənin maddi vəziyyəti uşaqların beyin inkişafında düşündüyümüzdən daha böyük rol oynayır. Alimlər bildirirlər ki, uşağın böyüdüyü mühit və ailənin sosial-iqtisadi imkanları onun beyninin formalaşmasına uzunmüddətli təsir göstərə bilər.
Patrul.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Vaşinqton Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmaya görə, sosial-iqtisadi amillər uşaqların beyin fəaliyyətində müşahidə olunan fərqlərin təxminən 16 faizini izah edir. Bu göstərici intellekt səviyyəsi (IQ), valideynlik tərzi və sağlamlıq tarixçəsi kimi amillərin təsirindən daha yüksək olub.
Tədqiqatın aparıcı müəlliflərindən biri, nevroloq Niko Dosenbax bildirib ki, aşağı sosial-iqtisadi şəraitdə böyüyən uşağın beyni bəzi hallarda yuxusuz və stress altında qalan yüksək gəlirli ailədən olan uşağın beyninə bənzəyir.
Onun sözlərinə görə, bu, həmin uşaqların daha az ağıllı olması demək deyil. Alim hesab edir ki, yuxu keyfiyyətinin yaxşılaşdırılması və stressin azaldılması ilə sosial-iqtisadi fərqlərdən qaynaqlanan bəzi təsirləri minimuma endirmək mümkündür.
Mütəxəssislər vurğulayırlar ki, uşaqlar yoxsulluğun təsirlərinə böyüklərlə müqayisədə daha həssasdırlar. Çünki inkişafın əsas mərhələləri məhz uşaqlıq dövrünə təsadüf edir. Bu səbəbdən həmin illərdə yaşanan məhrumiyyətlər gələcək həyat üçün daha ciddi nəticələr yarada bilər.
UNICEF-in məlumatına görə, dünyada təxminən 900 milyon uşaq çoxölçülü yoxsulluq şəraitində yaşayır. Bu, onların qida, təmiz su, sığınacaq, təhsil və səhiyyə kimi əsas ehtiyaclardan məhrum olması deməkdir.
Araşdırma çərçivəsində yaşı 9-10 arasında olan təxminən 12 min uşaq üzərində müşahidələr aparılıb. Tədqiqatçılar uşaqların yaşadığı mühiti, sağlamlıq vəziyyətini və gündəlik fəaliyyətlərini təhlil ediblər.
Beyin inkişafına təsir göstərə biləcək 649 müxtəlif amil araşdırılıb. Bunlara ekran qarşısında keçirilən vaxt, idrak qabiliyyətləri, fiziki və psixoloji sağlamlıq, valideyn münasibətləri, həmçinin demoqrafik göstəricilər daxil edilib.
Nəticələr göstərib ki, uşağın yaşadığı məhəllənin şəraiti və ailənin maliyyə vəziyyəti beyin inkişafına təsir edən əsas amillərdən biridir. Xüsusilə beynin hərəkət və hissiyyat funksiyalarına cavabdeh olan hissələrində bu təsir daha aydın müşahidə olunub. Alimlər hesab edirlər ki, həmin bölgələr yuxu rejimi və stress səviyyəsindəki dəyişikliklərə qarşı daha həssasdır.
Tədqiqat müəllifləri vurğulayırlar ki, uşaqların sağlam inkişafı üçün yalnız genetik amillər deyil, onların böyüdüyü sosial və iqtisadi mühit də böyük əhəmiyyət daşıyır. Buna görə də uşaqların rifahının yaxşılaşdırılması, keyfiyyətli yuxu və daha az stresslə böyümələri onların gələcək inkişafına mühüm töhfə verə bilər.
Ləman Sərraf






