“İran mühafizəkarları Pezeşkianın Azərbaycana olan siyasətini pozmağa çalışır” – ŞƏRH
Son günlərdə Azərbaycan ilə İran arasında diplomatik təmaslar intensivləşib. Belə ki, iyulun 28-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə telefon danışığı apararaq ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.
Bu gün isə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri Məsud Pezeşkianla birgə toplantı keçiriblər. Görüş zamanı Azərbaycanla münasibətlərin yenidən nəzərdən keçirilməsinin zəruriliyi vurğulanıb.
Eyni zamanda, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçi ilə görüşüb. Tərəflər arasında keçirilən görüşdə iqtisadi əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlər müzakirə olunub.
Bütün bu aktivləşən təmaslar hansı prosesdən qaynaqlanır? Azərbaycan–İran münasibətlərində yeni mərhələnin başlanğıcından danışmaq olarmı?
Bu barədə Patrulaz.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə fikirlərini bölüşüb. Onun sözlərinə görə, rəsmi Tehran bir tərəfdən Azərbaycanla konstruktiv münasibətlər qurmağa çalışsa da, digər tərəfdən bəzi müxalif dairələrin bu siyasətə qarşı çıxışı İranın Azərbaycana yönəlik ikili münasibətini ortaya qoyur:
“Azərbaycan İranla dostluq, qarşılıqlı etimad, o cümlədən qonşuluq prinsipinə uyğun siyasətdə maraqlıdır. Bu müstəvidə də öz siyasi iradəsini ortaya qoyur. Amma biz görürük ki, İranda mühafizəkar dairələr davamlı olaraq, ölkəmizlə bağlı hökumətin irəli sürdüyü siyasəti sabotaj edirlər. Çünki İran Prezidenti Məsud Pezeşkianın ölkəmizdə baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak etməsi, həmçinin dövlət başçısının da İran-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını deməsinə baxmayaraq, Tehran dini rəhbərliyinə aid KİV-lər, həmçini Ali dini rəhbərliyinin müşavirləri anti-Azərbaycan təbliğatlarını davam etdirirlər. Onlar bu yolla Pezeşkianın Azərbaycana qarşı yürütdüyü siyasəti sabotaj etməyə çalışırlar”.
Politoloqun fikrincə, İran daxilində formalaşmış siyasi ikilik olduğu kimi də davam edəcək:
“Prezidentin köməkçisi Hikmət Hacıyevin İran tərəfi ilə apardığı diplomatik danışıqlar, həmçinin Məsud Pezeşkianın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ilə keçirdiyi toplantıda Azərbaycanla bağlı tapşırıqlar verməsi məsələsi göstərir ki, İran hökuməti Tehran-Bakı münasibətlərində problem axtarmır. Amma İran Ali Dini Rəhbərliyinin Mühafizəkar Şurası ölkəmizlə daima münasibətləri korlamağa çalışır. Fikrimcə, bu proseslər belə də davam edəcək. Bir tərəfdən mühafizəkar dairələr anti-Azərbaycan siyasətini davam etdirəcəklər, buna baxmayaraq, İran Prezidenti Azərbaycanla siyasi və iqtisadi əlaqələri inkişaf etdirməyə çalışacaq. Tehran hökuməti bu günlərdə İrana artan beynəlxalq və iqtisadi sanksiyaların yenidən gündəmə gəlməsini nəzərə alaraq, qonşuları ilə münasibətlərini normallaşdırmağa çalışmalıdır. Məsud Pezeşkian da bu istiqamətdə siyasətini davam etdirsə də, ali dini şura və mühafəzkar qüvvələr buna geniş imkan vermir”.
Gülbəniz Səfərova






