media-inshot_20250819_182010148

Avqsutun 18-də ABŞ-nin Ağ Evində baş tutan ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü bütün siyasi dairələrin diqqətini çəkdi. Görüşdə bir çox məsələlər – Zelenskinin Trampdan əvvəl Avropa İttifaqı liderləri ilə görüşü, onun Trampla görüşünə kostyumla gəlməsi, kadrlara yansıyan Tramp və Zelenskinin gülüşü, Ukraynanın Rusiya tərəfindən işğal edilən əraziləri əks etdirən xəritənin təqdim edilməsi, Avropa İttifaqı liderlərinin təklifi və mövqeyi və s. kimi diqqət çəkdi.

Maraqlıdır ki, ard-arda Trampın əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada və ardınca Zelenski ilə Ağ Evdəki görüşündəki əsas fərqlilikər nədir? Bu iki görüşdən hansı daha perspektivli həll yollarına şərait yaratdı?

Bu barədə Patrulaz.az-a politoloq Oqtay Qasımov öz fikirlərini bölüşüb.

Politoloqun fikrincə, bu iki görüş arasında gözləniləndən də yüksək keçən Tramp və Zelenskinin Avropa İttifaqı liderləri ilə müzakirələri oldu:

“3 gün öncə Alyaskada baş tutan görüş tamamilə fərqli keçmişdi. Belə ki, Alyaska görüşündə ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna müharibəsini sona çatdırmaq üçün müzakirələr apardı. Görüşdə Rusiya tərəfi Ukraynanın hazırda işğal etdiyi ərazilərinin özündə qalmasını və onun hüquqi cəhətdən tanınmasını tələb edir. Eyni zamanda, danışıqlarla bağlı müəyyən imitasiya görüntüsü yaratmaq istəyirdi. Məhz bu səbəbdən də Putin Trampın həssas nöqtələrinə toxunmaqla, bu prosesi aparmağa, o cümlədən Rusiyanın maraqlarını təmin etmək məqsədilə məhz Trampın mövqeyindən istifadə etməyə çalışır”.

media-inshot_20250819_181256543

O. Qasımovun fikrincə, Rusiya-Ukrayna müharibəsinin bitirilməsi məqsədilə keçirilən ikinci – Ağ Evdəki görüşdə Aİ liderləri həssaslıq göstərərək Trampa öz mövqeylərini bildirdilər.

Politoloq gələcəkdə üçtərəfli görüş baş tutarsa, buna daha çox Trampın Zelenski ilə danışıqlarının şərait yaratdığını qeyd etdi:

“Avqustun 18-də Ağ Evdə Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenkinin görüşünə gəldikdə isə, Avropa İttifaqı (Aİ) liderlərinin öz mövqelərini ortaya qoyduqlarının şahidi olduq. Görüş çərçivəsində heç bir tərəf Trampın fikirlərinə birmənalı etiraz etməyərək, yumşaq bir tərzdə məsələləri ona çatdırmağa çalışırdılar. Xüsusən də, Zelenskinin dünənki görüşdən sonra açıqlaması və bu görüşün çox konstruktiv keçməsi ilə bağlı söylədiyi fikirlər onu deməyə əsas verir ki, hər halda Ukrayna tərəfi də ABŞ-lə müəyyən məsələləri razılaşdıra bilir. Bu baxımdan, düşünürəm ki, Tramp-Zelenski müzakirələri də müəyyən bir anlaşmaya gətirib çıxaracaqdır”.

Politoloq görüş sonrası ABŞ Prezidentinin Putinlə telefon danışığını da şərh edərək, bildirdi ki, həm Trampın həm Zelenskinin həm də Putinin görüş sonrası açıqlamaları üçtərəfli görüşün baş tutmasına böyük ümid verir:

“Dünənki görüşün nəticəsi olaraq, Donald Tramp Putinlə telefon danışığında gələcəkdə üçülü görüşün keçirilməsi məsələsini müzakirə etdi. Prinsipcə, Tramp Putin və Zelenskinin sözügedən üçtərəfli görüşə etiraz etmədiyini bildirdi. Bu önəmli məsələdir. Çünki Putin 15 aydan bəridir ki, Zelenskinin qeyri-legitim olduğunu və Ukraynada seçkilər keçirilmədiyini bəhanə edərək danışıqlardan qaçırdı. Əlbəttə, bu absurd fikirdir. Çünki Rusiya Ukraynanın işğal etmək məqsədilə hücuma keçmişdi və müharibə şəraitində ölkədə seçkilərin keçirilməsi də qeyri-realdır. Bütün hallarda dünənki görüşdən sonra verilən açıqlamalar onu göstərir ki, Avropa İttifaqı ölkələri və ABŞ bəzi məqamlarda ortaq nöqtələr tapa bilməyi bacarıblar”.

Oqtay Qasımov görüş çərçivəsində Trampın Zelenskiyə Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərinin xəritəsinin təqdim edilməsinə də aydınlıq gətirərək bildirdi ki, Zelenskinin “həmin əraziləri geri alacağıq” ifadəsi çox ciddi siyasi xarakter daşıyır:

“Ən önəmli məqamlardan biri də odur ki, görüşdə Ukraynanın nümayiş etdirilən xəritəsi və onun üzərində söylənilən fikirlər də diqqətə alınmalıdır. Belə ki, xəritə ilə bağlı Zelenski bəyan etdi ki, xəritədə Ukraynanın Rusiya tərəfindən işğal etdiyi ərazilər əks olunub və onlar da “nə vaxtsa geri qaytarılacaq”, deyə fikirlər səsləndirdi. Bir sözlə, dünənki görüş gözlənildiyindən də yumşaq və daha anlaşma şəraitində keçdi. Hər halda bu danışıqların ciddi nəticələrini isə gələcək dönəmlərdə görəcəyik”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər