media-inshot_20251224_112636574

Son illərdə artıq çəki ilə mübarizədə ən çox müraciət olunan üsullardan biri mədəkiçiltmə əməliyyatıdır. Sosial şəbəkələrdə qısa müddətdə arıqlayan insanların paylaşdıqları “əvvəl–sonra” görüntüləri bu əməliyyata marağı daha da artırıb. Lakin “gözəl görünəcəm” düşüncəsi ilə verilən bu qərar bəzən geri dönüşü olmayan sağlamlıq problemləri, hətta ölüm halları ilə nəticələnir. Bəs mədəkiçiltmə əməliyyatı niyə bu qədər riskli hal alıb?

Patrul.az mövzu ilə bağlı araşdırma edib.

Əvvəla qeyd edək ki, bu əməliyyat hər kəs üçün uyğun deyil. Mədəkiçiltmə tibbi baxımdan yalnız ciddi piylənmə problemi olan, bədən kütlə indeksi çox yüksək olan və digər müalicə üsulları nəticə verməyən şəxslər üçün nəzərdə tutulub. Amma reallıqda bir çox insan estetik məqsədlərlə, cəmi bir neçə kilo vermək üçün bu ağır cərrahi müdaxiləyə üz tutur. Orqanizm buna hazır olmadıqda isə ağır fəsadlar qaçılmaz olur.

Digər ciddi problem əməliyyatdan əvvəl lazımi tibbi yoxlamaların tam aparılmamasıdır. Ürək-damar sistemi, hormonal balans, psixoloji vəziyyət və digər xəstəliklər diqqətlə qiymətləndirilmədikdə əməliyyatdan sonra infeksiya, daxili qanaxma, tromboz, maddələr mübadiləsinin pozulması kimi ağır hallar yarana bilər. Bəzən isə mədə-bağırsaq sistemində yaranan fəsadlar insanın həyat keyfiyyətini tamamilə dəyişir.

Mədəkiçiltmədən sonra yaranan başqa bir təhlükə də qidalanma pozğunluqlarıdır. Mədə həcmi azaldıqdan sonra orqanizm kifayət qədər vitamin, mineral və zülal ala bilmir. Dəmir, B12 vitamini, kalsium çatışmazlığı saç tökülməsi, halsızlıq, immunitetin zəifləməsi və sümük problemlərinə səbəb olur. Bu proses mütəmadi həkim nəzarəti və ömürlük qida əlavələri tələb edir. Bir çox insan isə bunu ya bilmədən, ya da laqeyd yanaşaraq sağlamlığını riskə atır.

Psixoloji faktor da az önəmli deyil. Əməliyyatdan sonra qida ilə münasibət kəskin dəyişir, bəzi insanlarda depressiya, panik atak, hətta yemək pozğunluqları yaranır. İnsan sürətlə çəki itirsə də, psixoloji olaraq buna uyğunlaşa bilmir. Bu isə ümumi sağlamlığa birbaşa təsir göstərir.

Mütəxəssislər bildirir ki, mədəkiçiltmə əməliyyatı “asan arıqlama yolu” deyil. Bu, ciddi tibbi göstərişlər, peşəkar cərrah, uzunmüddətli nəzarət və həyat tərzinin köklü dəyişməsi tələb x̌ ağır bir prosesdir. Əks halda estetik qazanc kimi görünən nəticə sağlamlıq itkisinə çevrilə bilər.

Bir sözlə, mədəkiçiltmə əməliyyatı qərarı verilməzdən əvvəl emosiyalar yox, tibbi reallıqlar əsas götürülməlidir. Gözəl görünmək önəmlidir, amma sağlam qalmaq hər şeydən önəmlidir.

Ləman Sərraf


Bənzər xəbərlər