Azərbaycan nümayəndələrinin Prezident Əliyevi alqışlamasını Netanyahuya aid edən türkiyəli şəxs saxlanıldı - FAKTLAR
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Azərbaycan nümayəndə heyətinin Prezident İlham Əliyevin çıxışı zamanı alqışladığını əks etdirən fotonu, guya BMT Baş Assambleyasında Benyamin Netanyahunun çıxışını alqışlaması kimi təqdim edən şəxs saxlanılıb.
Patrulaz.az xəbər verir ki, saxlanılan Tuğberk adlı Türkiyə vətəndaşı bu barədə özünün “X” sosial şəbəkəsində məlumat yayıb. O bildirib ki, İspaniyaya gedərkən hava limanında saxlanılıb:
“Azərbaycanla bağlı yazdığım paylaşıma görə dünən axşam İspaniyaya qayıdarkən hava limanında saxlanıldım və ifadə verməyə getdim”.
O, etdiyi əməli etiraf etməklə yanaşı, Azərbaycan dövlət rəsmiləri ilə bağlı yaydığı yanlış məlumatlara görə saxlanılmasından narazılığını da ifadə edib:
“Türkiyəni tənqid edənlərə heç nə olmazkən, Fələstinə “”oh olsun” deyənlər sərbəst gəzərkən, mən “”Azərbaycan BMT-nin iclasını tərk etmədi” dediyim üçün saxlanıldım”, – deyə o paylaşımında əlavə edib.
Qeyd edək ki, Tuğberk ifadəsi alındıqdan sonra sərbəst buraxıldığını və İspaniyaya geri göndərildiyini bildirib.
Xatırladaq ki, sözügedən şəxs özünün “X” hesabında İsrailin baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışı zamanı zalı tərk etməyən ölkə kimi Azərbaycanı göstərən paylaşım etmişdi. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Xarici İşlər Naziri Ceyhun Bayramovun Prezident İlham Əliyevin çıxışını alqışladığı fotonu manipulyasiya edərək “Netanyahunun çıxışı zamanı Azərbaycan zalı tərk etmədi” şərhi ilə yayımlamışdı. Halbuki həmin fotoda Azərbaycan nümayəndə heyəti məhz Prezident İlham Əliyevin çıxışını alqışlayırdı.
Qeyd edək ki, sentyabrın 25-də İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərkən əsasən müsəlman ölkələrinin nümayəndələri zalı tərk ediblər. Videogörüntülərdə Azərbaycan nümayəndə heyətinin ümumiyyətlə iştirak etmədiyi aydın görünür. Əvəzində isə bir sıra müsəlman ölkələrinin diplomatlarının zalda qaldığı müşahidə olunur.



Gülbəniz Səfərova






