Delüziyalar görən qadının beynində 38 parazit aşkarlandı
Uels sakini Lowri Denman adlı qadının beynində aparılan analizlər zamanı 38 ədəd parazit kistası aşkar edilib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, tibb elmində “neyrosistiserkoz” adlandırılan bu nadir və təhlükəli yoluxma hadisəsi qadının Hindistana etdiyi səfərdən sonra baş verib.
Məlumata görə, hər şey L. Denmanın Hindistana reallaşdırdığı 3 aylıq səyahət zamanı mikroskopik lent qurdu yumurtaları ilə çirklənmiş qidaları bilmədən qəbul etməsi ilə başlayıb. Hadisədən bir neçə il sonra, yəni 2010-cu ildə qadın nəcisində bir metr uzunluğunda lent qurd (teniya) görərək həkimə müraciət edib. Lakin həmin dövrdə keçirilən sağlamlıq testləri və analizlər heç bir mənfi nəticə göstərməyib. Mütəxəssislər bildirirlər ki, həmin vaxt yetkin qurd bədəndən təbii yollarla xaric olsa da, onun gözlə görünməyən mikroskopik sürfələri artıq qan dövranı vasitəsilə beyin toxumasına sızmağı bacarıb.
Yoluxmadan bir müddət sonra, 2011-ci ildə qadında kəskin baş ağrıları müşahidə olunub və o, həyatında ilk dəfə şiddətli epileptik tutma keçirib. Xəstəxanada reallaşdırılan Kompüter Tomoqrafiyası və MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinələri nəticəsində pasiyentin beynində tam 38 parazit kistasının yerləşdiyi müəyyən edilib.
Həkimlər dərhal parazitlərin məhv edilməsi üçün güclü müalicə kursuna başlayıblar. Lakin tətbiq edilən aqressiv dərman preparatları və xəstəliyin fəsadları səbəbindən L. Denman ağır psixi sarsıntılar keçirib. Onda şiddətli narahatlıq panik ataklar və psixoz qeydə alınıb. Pasiyentdə güclü paranoyya yaranıb; o, polisin onu təqib etdiyini düşünür və tezliklə televiziyada xəbərlərə çıxacağına dair ciddi sayıqlamalar (Delüziya) yaşayıb.
Uzunmüddətli və gərgin müalicə prosesindən sonra həkimlər beyindəki parazitlərin hamısını məhv etməyə nail olublar. Proses zamanı qadının beynindən parazitlərin cərrahi yolla çıxarılması üçün heç bir əməliyyat aparılmayıb. Ölmüş parazitlər bədən tərəfindən sorulmayaraq Lowrinin beyin toxumasında kalsifikasiya olunub, yəni daşlaşmış vəziyyətdə qalıb.
Lowri Denman uzun sürən reabilitasiya mərhələsindən sonra, 2022-ci ildə yenidən öz iş fəaliyyətinə geri qayıda bilib. Beyində qalan daşlaşmış kistaların gələcəkdə yenidən qıcolmalara səbəb olmaması üçün qadın ömrünün sonuna qədər hər gün epilepsiya əleyhinə dərmanlar qəbul etmək məcburiyyətindədir.
Qeyd edək ki, hazırda o, bu təhlükəli xəstəlik və parazit yoluxmaları barədə cəmiyyəti məlumatlandırmaq məqsədilə 12 hissədən ibarət xüsusi podkast layihəsi hazırlayır.







