“Azərbaycan Rusiyanın zərbələrinə cavab olaraq, Beynəlxalq Məhkəməyə müraciət etməlidir" - ŞƏRH
Avqustun 18-də Rusiyanın Ukraynanın Odessa şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə zərbə endirməsi, sülh danışıqları ilə yanaşı Azərbaycan-Rusiya münasibətlərində də gərginliyi daha da artırır. Son dövrlər Rusiya xüsusi ilə, Azərbaycanın Ukrayna ilə enerji əməkdaşlığına ardıcıl zərbələr endirir.
Ukrayna Prezidenti də hadisə ilə bağlı açıqlama verərək, Azərbaycana məxsus enerji infrastrukturunun qəsdən vurulduğunu bildirib. Bu çıxış Rusiyanın məqsədli şəkildə regiondakı əməkdaşlıq münasibətlərinə və Azərbaycanın maraqlarına zərbə vurduğunu təsdiqləyir.
Məsələ ilə bağlı Patrulaz.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Azərbaycan bu cür təxribatlara biganə qalmamalı və beynəlxalq hüquqi mexanizmlərdən istifadə etməlidir:
“Ukraynanın Odessa vilayətində fəaliyyət göstərən qaz kəməri sisteminə və daha sonra SOCAR-ın yanacaqdoldurma məntəqəsinə edilən raket hücumları, eyni zamanda, SOCAR-ın Odessadakı neft anbarının hədəfə alınması Rusiya tərəfindən Azərbaycanın suverənliyinə və iqtisadi təhlükəsizliyinə qarşı bir başa təhdid kimi qiymətləndirilməlidir. Təbii olaraq da, hərkəsə məlumdur ki, bu hadisələr təsadüfən baş vermir. Yəni, AZAL-a məxsus təyyarəmizin vurulması, Yakaterinburq və Rusiyanın digər şəhərlərində soydaşlarımıza qarşı edilən hərəkətlər, o cümlədən iş adamlarımıza qarşı edilən hücumlar da rəsmi Kremlin Azərbaycana təzyiq göstərmə niyyətinin bariz sübutudur. Azərbaycanın bu cür təzyiqlərə boyun əyməməsi isə Rusiyanı özündən daha çox çıxarır. Moskva faktiki olaraq, Ukrayna ilə müharibədən istifadə edərək, oradakı ölkəmizə məxsus enerji maraqlarımızı hədəfə alır. Şüphəsiz ki, Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına raket zərbəsi endirməsi, SOCAR-ın ofisinin, qaz nəqli sisteminin, o cümlədən neft anbarının davamlı şəkildə hücuma məruz qalması adi bir hadisə kimi qiymətləndirilə bilməz. Bütün bunlar ölkəmizə qarşı, xüsusi ilə son aylarda intensivləşən təzyiq siyasətinin tərkib hissəsi olması ilə yanaşı, həmçinin də Rusiyanının Azərbaycanın Ukraynaya etdiyi humanitar dəstəyinə bilərəkdən zərbə vurmağa yönəlmiş fəaliyyətidir. Təbii ki, bununla bağlı Azərbaycan da müvafiq addımlar atmalıdır”.
Azərbaycanın Rusiyanın zərbələrinə cavab olaraq Türkiyədə hərbi baza yerləşdirəcəyi barədə də fikirlər səsləndirilir. Politoloq Rəşad Bayramov bu məsələyə aydınlıq gətirərək bildirdi ki, indiki dövrdə belə bir addıma ehtiyac yoxdur. Lakin o vurğuladı ki, istənilən vaxt Türkiyə, Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycana dəstək göstərə bilər:
“İndiki dövrdə ölkəmizin Türkiyədə hərbi bazasının yerləşdirilməsinə ehtiyac yoxdur. Birincisi, hazırda Rusiya tərəfindən həyata keçirilən qanunsuz hərəkətlər Azərbaycana birbaşa hücumları ehtiva etmir. Yəni, yalnız Ukrayna ərazisindəki obyektlərimiz hədəfə alınır. İkinci tərəfdə isə Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsi var. Həmin bəyannamənin tələblərinə uyğun olaraq da istənilən təhlükə altında Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olacaq və ölkəmizin təhlükəsizliyi üçün də bəyannamədən irəli gələn şərtləri sona qədər yerinə yetirəcək. Amma indiki mərhələdə Rusiya tərəfindən atılan bu addımlar həm də müharibə qanunlarının pozulmasıdır. Rusiyanın mülki obyektləri hədəfə alması diplomatik və mülki obyektlərin toxunulmazlığını təmin edən Vyana konvensiyasına qarşı hörmətsizliyin bariz nümunəsidir. Bir sözlə, Rusiya bu hərəkətlərinə görə, mütləq Beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Bizim bu şəkildə mülki obyektlərimizin hədəfə alınması rəsmi Bakını Moskvaya qarşı Beynəlxalq Məhkəmələrə şikayət etmək hüququq verir. Düşünürəm ki, bu prosesin davam edəcəyi təqdirdə, mütləq şəkildə Beynəlxalq Məhkəmələrə müraciət edilməlidir”.
Gülbəniz Səfərova






