Azərbaycan Suriyada yardımları davam etdirir – 1500 nəfəri əhatə edən xeyriyyə aksiyası
Azərbaycan tərəfindən Suriyada növbəti humanitar yardım kampaniyası təşkil olunub.
Patrulaz.az xəbər verir ki, bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qurban bayramı münasibətilə bu il iyunun 7-8-də Suriyanın müharibədən ciddi ziyan görmüş Dəməşqətrafı, Homs və ətraf bölgələrində “Azərbaycan xalqından qardaş Suriya xalqına səmimi bayram təbrikləri” şüarı altında xeyriyyə aksiyası keçirilib.
Aksiya Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və yerli təşkilatların – “Həyat” Fondu, “Səvaidul İhsən” (Xeyirxah əllər) və “Bəsmətu Həyat” (Həyatın gülüşü) könüllü qruplarının dəstəyi ilə baş tutub.
Yardım çərçivəsində müharibədən əziyyət çəkən 320 ailəyə qurban əti paylanıb. Fəaliyyət Dəməşqətrafı Qərbi və Şərqi Quta bölgələrində başlayaraq, növbəti gün Homs və ətraf yaşayış məntəqələrində davam etdirilib. Yardım alanların əksəriyyəti müharibədə həyat yoldaşlarını itirmiş, çoxuşaqlı analar olub.
İki gün ərzində təxminən 1 500 nəfər humanitar yardımdan faydalanıb. Yardım alan ailələr Azərbaycan xalqına və dövlətinə təşəkkür edərək, dərin minnətdarlıqlarını ifadə ediblər.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriyada bu qəbildən olan humanitar fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən ilin sonunda Azərbaycan Suriyaya 200 tonluq humanitar yardım göndərib. Həmçinin bu ilin 25-27 mart tarixlərində Dəməşqdə 1000 kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub.






