"Dəməşqdəki partlayışda məqsəd Makronu öldürmək olmayıb" - ŞƏRH
Bu gün Suriyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı hoteldə əl qumbarası ilə iki dəfə partlayış törədilib. Xoşbəxtlikdən hadisədən cəmi 15 dəqiqə əvvəl Makron korteji ilə hoteli tərk edərək Suriya Prezidenti Əhməd Əl-Şaraa ilə görüşmək üçün saraya yollanıb. Lakin hadisə nəticəsində 18 nəfər xəsarət alıb.
Hücumun isə hələlik kim tərəfindən törədildiyi məlum deyil. Lakin Suriya hökuməti ölkədə son dövrlər fəallaşan İŞİD və ya devrilmiş Bəşər Əsəd rejiminə sadiq qüvvələri bu növ təxribatların əsas şübhəliləri hesab edir.
Maraqlıdır ki, 2024-cü ildən bəri Bəşər Əsəd rejiminin devrilməsindən sonra Dəməşqə səfər edən ilk Qərb lider Makronun partlayışdan cəmi 15 dəqiqə əvvəl ərazini tərk etməsi təsadüfdür, yoxsa bunun arxasında siyasi və ya təhlükəsizlik mesajı dayanır?
Bununla bağlı Patrul.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, ölkədəki müxtəlif qruplaşmaların mövcudluğu bu cür təxribatların yaranmasına şərait yaradır. Onun fikrincə, terror aktı Makronu öldürmək deyil, qorxutmaq məqsədi güdüb:
“Suriyada Əl-Şaraa hökuməti qısa zaman ərzində böyük işlər görüb. Belə olduqda ölkədə atılan hər addımın da nəticələri olur. Bu isə bütün qrupları eyni dərəcədə qane etmir. Yəni, Suriya Prezidenti Əhməd Əl-Şaraanın siyasətini dəstəkləyən və ona qarşı çıxan qrupların sayı kifayət qədər çoxdur. Hazırda Suriyada mərkəzi hakimiyyətin qurulması və dövlətin idarəetmə istiqamətinin bütövlükdə ölkə miqyasında tətbiqi istiqamətində işlər görülür. Lakin nəzərə almaq lazımdır ki, Suriya uzun illər vətəndaş müharibəsi şəraitində olub. Üstəlik, Bəşər Əsəd rejimi kimi despotik və totalitar bir sistemdən sonra Əl-Şaraanın gətirdiyi daha humanist keçid demokratiyası sistemi hələ tam bərqərar olmayıb və birmənalı şəkildə də mənimsənilməyib.
Nəzərə almaq lazımdır ki, bu gün Suriyada sünni və şiə ərəblər yaşayır. Həmçinin ölkədə xristian ərəblər, kürdlər, türkmənlər, ələvilər və druzilər də var. Bu qrupların hər birinin öz maraqları mövcuddur. Həmin maraqlar təmin edilmədikdə isə mərkəzi hakimiyyət qarşıdurmalarla üzləşir”.

Suriyanın əsasının fransızlar tərəfindən qoyulduğunu bildirən həmsöhbətimiz qeyd edib ki, bu səbəbdən iki ölkə arasındakı münasibətlər böyük əhəmiyyətə və qədim köklərə malikdir:
“Fransa-Suriya münasibətlərinin tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Birinci Dünya müharibəsindən sonra Sayks-Piko sazişi imzalandı və Suriya, Livan, eyni zamanda Türkiyənin Hatay ərazisi bütövlükdə Fransanın Suriya mandatının tərkibində idi. Yəni, əslində bugünkü Suriya dövlətinin əsasını fransızlar qoyublar. Bunun fonunda da Suriya ilə Fransa arasında münasibətlər həmişə mövcud olub.
Əl-Şaraanın hakimiyyətə gəlməsindən sonra isə Paris Dəməşqlə münasibətləri korlamadı, əksinə, bu istiqamətdə addımlar atdı. Əslində Əl-Şaraa hökumətinə də Fransa ilə əlaqələri davam etdirmək sərf edir. Çünki Suriyaya investisiyanın cəlb edilməsi, yenidənqurma işlərinin aparılması, siyasi əlaqələrin inkişafı və mövcud hakimiyyətin legitimliyinin cəmiyyətdə qəbul olunması baxımından Fransa ilə münasibətlərə önəm verilir.
Makronun səfəri də məhz buna görə vacibdir. Amma Suriyada çox kövrək bir sistem olduğundan və Əl-Şaraanın daha radikal, sərt tədbirlərə əl atmaması əslində doğru olsa da, Suriya kimi bir ölkədə belə bir sistemi tətbiq etmək hələlik tam effekt vermir. Bunun real nəticəsi də görünür”.
Ekspertin sözlərinə görə, bu partlayış təkcə Makrona deyil, həm də Suriya lideri Əhməd Əl-Şaraaya da gözdağı vermək məqsədi güdüb:
“Bu gün Makronun qaldığı hotelin yaxınlığında baş verən partlayışda məqsəd onu öldürmək olmayıb. Fikrimcə, bu partlayışla həm Əl-Şaraaya, həm də Makrona gözdağı vermək istəyiblər. Burada verilən mesaj önəmlidir.
Qeyd etdiyim kimi, ölkədə Suriya-Fransa münasibətlərinin normallaşmasını və Dəməşqin güclənməsini istəməyən qüvvələr mövcuddur. Bugünkü şəraitdə xüsusilə Türkiyə ilə dost olan güclü bir Suriya həm regionda, həm də regiondan kənarda maraqları olan qüvvələr üçün risk hesab olunur. Məhz bu riskə görə də belə terror aktları törədilir”.
Gülbəniz Səfərova






