media-inshot_20250805_135826171

Son dövrlərdə Azərbaycanın enerji siyasəti əhəmiyyətli dönüş nöqtəsinə qədəm qoyub. Ölkənin neftlə yanaşı, qaz ixracında da mühüm uğurlar əldə etməsi, həm regional, həm də qlobal enerji bazarında mövqelərinin daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya çatdırılması isə bu istiqamətdə atılan ən cəsarətli addımlardan biridir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında imzalanan sənədə əsasən, layihənin texniki mərhələsi artıq başa çatıb və ilk mərhələdə Suriyaya ildə 1,2 milyard kubmetr qazın ixracı nəzərdə tutulur.

Bu təşəbbüs təkcə iqtisadi deyil, eyni zamanda siyasi və strateji baxımdan da mühüm əhəmiyyət daşıyır. Belə ki, uzun müddət müharibədən əziyyət çəkmiş Suriyanın enerji infrastrukturuna dəstək göstərilməsi, Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinə uyğun uğurlu bir addımdır.

Digər tərəfdən, Azərbaycan qazının Avropaya çıxışı genişlənməkdə davam edir. Ukraynanın rəsmi açıqlamasına görə, ölkə ilk dəfə olaraq Azərbaycan qazını Bolqarıstan-Rumıniya-Ukrayna enerji dəhlizi vasitəsilə Transbalkan marşrutu ilə əldə edib. Beləliklə, Ukrayna Avropa məkanında Azərbaycan qazını alan sayca 11-ci ölkəyə çevrilib.

Artıq aydın görünür ki, Azərbaycan enerji sektorunda yalnız resurs ixrac edən ölkə deyil, eyni zamanda regionun enerji təhlükəsizliyinə töhfə verən strateji aktora çevrilməkdədir.

Mövzu ilə bağlı fikirlərini Patrulaz.az-a açıqlayan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu layihələr Azərbaycanda çox mühüm yer tutur və dövlətimizin həyata keçirdiyi uğurlu enerji siyasətinin nəticəsidir:

“Son dövrlər qaz ixracı prosesində Azərbaycanın fəal bir siyasət həyata keçirdiyinin şahidi oluruq. Yəni, bu gün ölkəmiz ardıcıl və prinsipal bir siyasət həyata keçirir. Artıq Azərbaycan öz qazını dünyanın bir çox ölkələrinə ixrac edir. Burada əsas məsələ odur ki, Azərbaycan qazı artıq Avropadadır və oranın enerji təhlükəsizliyində ciddi rol oynayır. Eyni zamanda biz mərhələli şəkildə Yaxın Şərqdə də rolumuzu gücləndiririk. Artıq Azərbaycan qazı Suriyaya da ixrac edilir. Bütün bunlar ölkəmizin artan nüfuzunun göstərcisidir.  Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, Yaxın Şərqin enerji siyasətində də mühüm rolunu oynayır. Bu mənada, Suriyaya qazın ixracı xüsusi əhəmiyyət daşıyır. Bu da dövlətimiz tərəfindən enerji siyasətinin ardıcıl və məqsədyönlü həyata keçirildiyini göstərir. Beləliklə, Azərbaycanının günü-gündən nüfuzu güclənir və ona olan etibar da atır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər