media-inshot_20251219_201328351

Toylarda israfçılıq olması ilə bağlı Milli Məclisdə fikirlər səsləndirilib. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou-proqramların əndazəni aşdığı qeyd olunub.

Həqiqətəndə toylar israfçılıqdır, yoxsa adət-ənənə?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov məsələ ilə bağlı Patrul.az-a öz fikirlərini bildirib.

Sosioloqun sözlərinə görə, milli toylar Azərbaycan sivilizasiyasının ən gözəl cəhətlərini özündə birləşdirən unikal bir mədəniyyət, məişət, ictimai, sosial və iqtisadi hadisədir:

“Biz dönə-dönə, son vaxtlar milli toylardakı aşırı xərclər, səs‑küy, 400‑500 nəfərin dəvət olunması, iqtisadi baxımdan ailələrin çətin vəziyyətə düşməsi ilə bağlı tənqidlər etmişik. Bu tənqidlərdən müəyyən nəticələr əldə olunub. Eyni zamanda, nəqədər nişanla bağlı, qohum evliliyi ilə bağlı və toyların ətrafında yaranan digər problemlərlə bağlı ictimai diskussiyalar olub, şəxsən mənim də çıxışlarım olmuşdur və bunun nəticəsində Milli Məclis səviyyəsində qanunvericilik formasında müəyyən dəyişiklər edilmişdir.

Toylar get‑gedə onsuz da islahatlara doğru gedir. Əvvəllər dörd gün çalınan toylar, sonradan “yüz mərasimi”ni birləşdirən ümumi toy mədəniyyətinə çevrilmişdi. İndi isə bir gündə, daha məhdud, müəyyən çərçivədə bir ümumiləşdirilmiş forma salınıb. Bu, əlbəttə ki, hamımızı sevindirir. Çünki milli mənəvi dəyərlərimizin ən gözəl cəhətlərini özündə əks etdirən toy mədəniyyəti insanlarımız üçün problemlər yaratmamalıdır, əksinə, insanlara gözəllik bəxş etməlidir”.

Həmsöhbətimi qeyd edib ki, toy özü iki nəslin birləşməsi, iki gəncin ailə qurması və s. kimi gözəl ənənələri özündə birləşdirir:

“Eyni zamanda Azərbaycan toylarında çoxsaylı qonaqların olması həm də onun sosial mahiyyətini göstərir. Bu, sosiallaşma və mərhəmət aksiyasıdır. İnsanlarımız bir‑birinin sevincli günündə iştirak edir, bir‑birinə dayaq durmağa çalışırlar. Nəsillər arasında şahidlik də toyları daha mənəvi edir. Yaşlı nəslin, xeyir‑dua verənlərin iştirakı toy mərasimlərini daha da gözəlləşdirir.

Əlbəttə, toylarımızda aşırı çox elementlər var və onlar islah olunmalıdır, dəyişdirilməlidir. Eyni zamanda toylarımızın özü də qruplara bölünməlidir. Biz bilməliyik ki, kasıb insanların sosial baxımdan önəmli toyu, orta təbəqənin daha məqbul toy mərasimi və yuxarı təbəqənin – yəni varlıların elitar toy və ya biznes toy mərasimləri hansılardır. Hər kəs buna uyğun, bu təsnifata uyğun şəkildə öz toylarını, öz şənliklərini keçirməlidir.

Amma indi realda biz görürük ki, toy daha çox kreativ biznes sahəsinə çevrilir. Toy şəbəkəsi bir növ varlanmaq və gəlir əldə etmə vasitəsinə dönür. Toyları tamamilə tənqid etmək də düzgün deyil. Toy gözəldir, əlbəttə toy mütləq vacibdir. Toyları o qədər lağa qoydular, o qədər tənqid etdilər ki, nəticədə toylarının nəticəsi olaraq üzülmüş, ömürlü ailələr yox, çoxuşaqlı ailələr yox, bir uşaqdan ibarət, əməli olaraq dünyaya uşaq gətirən bir neçə uşaqlı ailə ortaya çıxdı və həm də 6 aydan sonra 60 faiz boşanmalarla nəticələndi. Əlbəttə, xeyir‑dua almayan, ictimaiyyətin şahidliyi ilə keçirilməyən toyların belə nəticə verməsi sosial hadisə kimi dəyərləndirilməlidir. Ona görə də toylara çoxsaylı, hər kəsin ağızına gələni deyib ifrat tənqid etməsi düzgün deyil”.

“Biz toyları milli mənəvi dəyərlərimizin böyük hissəsi kimi qəbul edirik və toyları Azərbaycan xalqını digər toplumlardan, cəmiyyətlərdən fərqləndirən hadisə kimi qəbul edirik. Toyda israfçılıq, süfrələrin həddən artıq dolu olması, səs‑küyün güclü olması və s. kimi hallar tənqid edilə bilər və tənqid də edilməlidir. Amma unutmayaq ki, toy bizim mətbəximizi, incəsənətimizi, musiqimizi, rəqsimizi, polka və digər rəqs mədəniyyətini, zəngin mədəni logistikanı, taksiçilik xidmətlərini, cehizçilik, mebel satışı, kənd təsərrüfatı bazarını və digər bir çox sahələri bir araya gətirən geniş iqtisadi və mədəni hadisədir”, – deyə o əlavə edib.

media-img-20251219-wa0032

A.Əbilov hesab edir ki, toylar bir çox sahədə yeni iş yerləri yaradır:

“Milyona yaxın işçi qüvvəsi məhz toy biznesində işləyir və bu insanları işsiz qoymamaq üçün toya münasibətimiz sağlam və məntiqli olmalıdır. Eyni zamanda biz çalışmamalıyıq ki, toylarla bağlı çoxsaylı, heç bir əsas olmadan ağıza‑ağızına nə gəldi danışan tənqidlər yaradaq. Milli Məclis də bununla bağlı müəyyən fikirlər səsləndirir. Ancaq Milli Məclis toyların müzakirəsi üçün əsas məqam deyil. Milli Məclis ictimai‑siyasi və iqtisadi məsələlərə münasibət bildirir. Toy daha çox etnik, milli bir hadisədir və onunla daha çox kulturologiya, mədəniyyətşünaslıq, ictimai fikir adamları, ziyalılar məşğul olmalıdır. İctimai müzakirələr də məhz bu sahənin mütəxəssisləri tərəfindən aparılmalıdır.

Toylarımıza ictimai‑mədəni nəzarət lazımdır. Toylarımızın israfçılığına qarşı, haqsızlıqla bağlı məntiqli tənqidlər olmalıdır. Amma toyları tamamilə ləğv etmək və ya toyları ifrat tənqid obyektinə çevirmək doğru deyil. Toy Azərbaycan mədəniyyətidir. Azərbaycan insanlarını digər mədəniyyətlərdən və sivilizasiyalardan fərqləndirən ən böyük hadisələrdən biridir”.

Ləman Sərraf


Bənzər xəbərlər