Azyaşlı uşağın təhlükəsizliyi niyə bu qədər ucuzdur? - VİDEO
Patrul.az-ın qaynar xəttinə daxil olan videogörüntü ciddi narahatlıq doğurur. Görüntülərdə 90-ZF-157 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsi tıxac şəraitində hərəkətdə olarkən avtomobilin arxa sağ şüşəsindən azyaşlı uşağın yarıya qədər kənara çıxdığı aydın görünür. Yolun sıx olduğu, nəqliyyat vasitələrinin bir-birinə çox yaxın hərəkət etdiyi belə bir vəziyyətdə bu davranış açıq şəkildə həyat üçün real təhlükə yaradır.
Bu hal nə təsadüf, nə də məsum diqqətsizlikdir. Uşağın təhlükəsizlik kəmərindən istifadə etmədən, nəzarətsiz şəkildə pəncərədən çıxmasına şərait yaradılması sürücünün və valideynin birbaşa məsuliyyətsizliyidir. Qəfil əyləc, digər avtomobillə toxunuş və ya istənilən texniki hal ağır nəticələrə səbəb ola bilər. Belə risklər fonunda uşağın avtomobil salonunda qorunması əsas və dəyişməz prinsip olmalıdır.
Təəssüf ki, cəmiyyətdə bu kimi hallar bəzən adi qəbul edilir. Halbuki yol hərəkəti qaydaları formal tələblər deyil, insan həyatını qorumağa yönəlib. Azyaşlıların avtomobildə təhlükəsiz daşınması həm hüquqi öhdəlik, həm də mənəvi məsuliyyətdir.
Patrul.az hesab edir ki, bu cür davranışlara laqeyd yanaşmaq olmaz. Valideynlər və sürücülər övladlarının təhlükəsizliyini prioritet etməli, bir anlıq səhlənkarlığın geri dönüşü olmayan fəsadlara yol aça biləcəyini unutmamalıdır. Uşağın həyatı risk predmeti deyil və heç bir səbəb bu məsuliyyətsizliyi haqq qazandıra bilməz.






