Bakı-İstanbul aviabiletlərində yüksək qiymət narazılığı: vətəndaşlar araşdırma xahiş edir
Patrul.az redaksiyasına müraciət edən vətəndaşlar Bakı-İstanbul-Bakı istiqamətində aviabiletlərin qiymət siyasəti ilə bağlı narazılığını bildirib.
Müraciətdə qeyd olunur ki, eyni tarixlər üzrə Bakı-İstanbul marşrutunda fəaliyyət göstərən aviaşirkətlərin təklif etdiyi qiymətlər regionun digər şəhərləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Vətəndaşların iddiasına görə, Tbilisi, Batumi, Yerevan, Moskva, Berlin və digər şəhərlərdən İstanbul istiqamətində uçuşlar daha münasib qiymətə təklif edildiyi halda, Bakıdan bu istiqamətdə qiymətlər daha yüksək formalaşır.
Müraciət müəllifləri xüsusilə vurğulayırlar ki, dünyada aşağı büdcəli (“low-cost”) model üzrə fəaliyyət göstərən aviaşirkətlər belə Bakı istiqamətində bir çox hallarda ənənəvi daşıyıcılarla eyni və ya onlardan daha yüksək qiymətlər təqdim edirlər.
Vətəndaşlar hesab edirlər ki, bu vəziyyət Bakı hava nəqliyyatı bazarında rəqabət mühitinin yetərli olub-olmaması, xarici aviaşirkətlərin bazara giriş imkanları, hava limanı rüsumları və digər ödənişlərin qiymətlərə təsiri kimi məsələləri gündəmə gətirir.
Müraciətdə həmçinin bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinə əsasən dövlət monopoliyaların və haqsız rəqabətin qarşısını almalıdır. Antiinhisar qanunvericiliyi isə rəqabətin məhdudlaşdırılması və dominant mövqedən sui-istifadə hallarının araşdırılmasını nəzərdə tutur.
Vətəndaşlar aidiyyəti qurumlardan Bakı-İstanbul istiqamətində aviadaşımalar bazarında rəqabət vəziyyətinin araşdırılmasını, qiymətlərin formalaşmasına təsir edən hava limanı və digər rüsumlar barədə ictimaiyyətə ətraflı məlumat verilməsini, bazarda rəqabətin məhdudlaşdırılması və ya dominant mövqedən sui-istifadə əlamətlərinin olub-olmamasının qiymətləndirilməsini xahiş edirlər.






