Davamlı mənfi düşüncələrin əsas səbəbləri nələrdir? - Psixoloq açıqladı
Bəzən insan hadisələrə reallıqdan daha mənfi prizmadan yanaşır və bu, həm qərarlarına, həm də münasibətlərinə təsir göstərir. Davamlı mənfi düşüncələrin və önyarğıların arxasında hansı psixoloji səbəblər dayanır?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Klinik psixoloq, Ailə Terapevti Samirə Rəhimova bildirib ki, davamlı mənfi düşüncələr çox vaxt stres, keçmiş təcrübələr və beynin təhlükəyə fokuslanan düşüncə vərdişlərindən qaynaqlanır:
“Bizim düşüncə tərzimizin müdafizə mexanizmi belə işləyir. Adətən həyəcan və təşviş bizi təhlükədən qorumalıdır. Amma müasir dünyada bu mexanizm çox vaxt obyektiv olmaya bilər. Stres, informasiya çoxluğu və qeyri-müəyyənlik beyni daim “təhlükə axtarışı” rejimində saxlayır. Bundan əlavə, serotonin, dopamin və noradrenalin kimi hormonların balanssızlığı da birbaşa təsir göstərir bu maddələrin çatışmazlığında beyin neytral hadisələri belə təhdid kimi şərh edir. Lakin əsas səbəblərdən biri də düşüncə tərzinin özüdür. İllər boyu təkrarlanan narahat fikirlər beyində sabit sinir yolları yaradır bu, elə bir “xətt”dir ki, insan avtomatik olaraq ən pis ssenarini seçir. Məsələn, uşaqlıqda tənqidi mühitdə böyümüş və ya çoxlu uğursuzluq yaşamış insanlarda bu cür düşüncə tərzi daha güclü kök salır. Bu, vərdişə çevrilmiş zehni filtridir: insan hadisələri olduğu kimi deyil, öz qorxularının prizmasından görür”.

S. Rəhimova qeyd edir ki, beyin davamlı olaraq ən pis ssenarilərə fokuslansa da, bu düşüncə tərzini zamanla dəyişmək mümkündür:
“Təşvişli düşüncə tərzi beyni gələcəyi “nəzarət altında saxlamaq” üçün ən pis variantları hesablamağa məcbur edir, “Ya belə olsa?”, “Bəs uğursuz olsam?” kimi suallar daim dövr edir. Bu, insana sanki səfərbər edir, amma əslində bu, enerjini tükədir və real həll yollarını görməyə mane olur. Nəticədə insan özünə qapanır və etibarsızlıq yaranır: bir hadisə baş verir, beyin avtomatik olaraq onu mənfi şərh edir (“mən bacarmayacağam”, “məni rədd edəcəklər”), bu şərh qorxu və ya utanc hissi doğurur, bu hiss isə həmin mənfi şərhi daha da möhkəmləndirir. Bu o demək deyil ki, insan “təbiətcə bədbindir” sadəcə, onun beyni müəyyən situasiyalarda bu reaksiya sxemini işlədib çıxarıb. Yaxşı xəbər budur ki, beyin plastikdir, yəni bu sxemi dəyişmək mümkündür. Necə ki, biz xarici dil və ya yeni nəsə öyrənirik, eynilə düşüncə tərzimizi də yenidən qura bilərik”.
Psixoloqun sözlərinə görə, əsas məsələ mənfi düşüncələri idarə etmək deyil, onlara necə yanaşdığımızı dəyişməkdir:
“Bunun üçün ilk addım mənfi düşüncələri “mütləq həqiqət” kimi qəbul etməmək, onları sadəcə müşahidə etməkdir. İkinci addım isə o fikirləri sınaqdan keçirməkdir: “Bu fikrin doğru olduğunu sübut edən nə var? Bəs əksini sübut edən?” Zamanla bu cür suallar beyni yeni, daha real yolları axtarmağa öyrədir. Beləliklə, mənfi düşüncələrin yaranması təbii və qaçılmazdır, amma onlara inanıb inanmamaq bu, artıq bizim seçimimizdir. Əsas məsələ onlardan qurtulmaq yox, onlarla olan münasibətimizi dəyişməkdir bu həm zehni sağlamlığın, həm də daxili rahatlığın açarıdır”.
Cəmilə Cəfərzadə






