“Uşaqların boşanmadan tamamilə təsirlənməməsini təmin etmək mümkün deyil” - Elnur Rüstəmov
Ailə cəmiyyətin təməl sütunlarından biri hesab olunsa da, son illərdə boşanmaların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Tərəflər üçün olduqca çətin və emosional baxımdan yüklü qərar olan ayrılıq prosesi təkcə həyat yoldaşlarının həyatına təsir göstərmir. Bu prosesdən ən çox təsirlənən tərəf isə uşaqlar olur.
Bəs görəsən, boşanma ərəfəsini necə idarə etmək lazımdır? Uşaqların bu prosesdən təsirlənməsini minimuma endirmək mümkündürmü?
Psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov mövzu ilə bağlı Patrul.az-a fikirlərini bildirib:
“Boşanma ailə sistemində baş verən ən mürəkkəb və emosional proseslərdən biridir. Bu proses təkcə ər-arvad münasibətlərinin sona çatması deyil, eyni zamanda ailənin bütün üzvlərinin həyatında yeni bir mərhələnin başlanğıcıdır. Xüsusilə uşaqlar üçün boşanma valideynlərin ayrılmasından daha çox, onların gündəlik həyatında, təhlükəsizlik hissində və emosional dünyasında baş verən ciddi dəyişiklik kimi qəbul olunur. Buna görə də boşanma qərarının necə idarə olunması sonrakı psixoloji nəticələrə birbaşa təsir göstərir”.

Psixoloqun sözlərinə görə, boşanma ərəfəsində ən vacib məsələlərdən biri tərəflərin öz emosiyalarını idarə edə bilməsidir:
“Adətən bu dövrdə inciklik, qəzəb, xəyal qırıqlığı və qarşı tərəfi günahlandırma meyli artır. Lakin valideynlər unutmamalıdırlar ki, onlar həyat yoldaşı kimi ayrılırlar, amma valideyn kimi münasibətləri davam edir. Uşağın psixoloji sağlamlığı naminə şəxsi konfliktlərin valideynlik funksiyasına təsir etməsinə imkan verməmək lazımdır. Təcrübə göstərir ki, uşaqlar boşanmanın özündən daha çox, boşanmadan əvvəl və sonra müşahidə etdikləri davamlı münaqişələrdən zərər görürlər. Evdə hər gün yaşanan gərginlik, qışqırıqlar, təhqirlər və aqressiv davranışlar uşağın psixoloji vəziyyətinə ayrılıq qərarından daha ağır təsir göstərə bilər. Buna görə valideynlər münasibətləri sona çatdırmaq qərarına gəlibsə, bunu mümkün qədər sivil və qarşılıqlı hörmət çərçivəsində həyata keçirməlidirlər. Uşaqlarla aparılan ünsiyyət də xüsusi əhəmiyyət daşıyır. Valideynlər ayrılıq barədə məlumatı uşağın yaşına uyğun şəkildə verməli, onu qeyri-müəyyənlik içində saxlamamalıdırlar. Uşağa aydın şəkildə izah edilməlidir ki, boşanma onun günahı deyil və valideynlərinin ona olan sevgisi dəyişməyəcək. Təəssüf ki, bəzi hallarda uşaqlar valideynlərin ayrılmasına görə özlərini məsul hesab edir və bu da uzunmüddətli emosional problemlərə səbəb ola bilir”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, boşanma prosesində uşağı tərəflərdən birinin mövqeyinə çəkmək, digər valideyn haqqında mənfi fikirlər formalaşdırmaq və ya onu valideynlər arasındakı münaqişənin iştirakçısına çevirmək ciddi psixoloji risk yaradır:
“Uşaq hər iki valideynlə emosional bağlılığa malikdir və onlardan biri haqqında davamlı neqativ məlumatlar eşitmək daxili konflikt, günahkarlıq hissi və özünəinam problemləri yarada bilər.
Araşdırmalar göstərir ki, boşanmadan sonra uşaqların adaptasiyasına ən çox təsir edən amillərdən biri həyatın sabitliyinin qorunmasıdır. Məktəb, dost çevrəsi, gündəlik rutin və valideynlərlə əlaqələrin davamlı olması uşağın yeni şəraitə uyğunlaşmasını asanlaşdırır. Uşaq nə qədər çox sabitlik hiss edərsə, ayrılığın mənfi təsirlərini bir o qədər asan dəf edə bilər. Əgər boşanma prosesi ağır emosional gərginliklə müşayiət olunursa, psixoloq dəstəyi almaq faydalı ola bilər. Psixoloji yardım həm valideynlərin qərarlarını daha sağlam şəkildə verməsinə, həm də uşağın emosional reaksiyalarını düzgün idarə etməsinə kömək edir. Erkən müdaxilə gələcəkdə yarana biləcək davranış problemlərinin, həyəcan pozuntularının və depressiv əlamətlərin qarşısını almaqda mühüm rol oynayır”.
“Uşaqların boşanmadan tamamilə təsirlənməməsini təmin etmək mümkün deyil. Çünki ailə strukturunda baş verən hər dəyişiklik onların emosional dünyasında iz buraxır. Lakin valideynlər prosesə məsuliyyətlə yanaşdıqda, qarşılıqlı hörməti qoruduqda və uşağın maraqlarını şəxsi münaqişələrdən üstün tutduqda bu təsirləri minimum səviyyəyə endirmək mümkündür. Əsas məqsəd yaxşı həyat yoldaşı olmaq deyil, ayrıldıqdan sonra da yaxşı valideyn olaraq qala bilməkdir. Məhz bu yanaşma uşağın sağlam psixoloji inkişafı üçün ən mühüm təminatlardan biridir”,- deyə o, fikirlərini sonlandırıb.
Ləman Sərraf






