media-453a84d1-eb12-4437-954f-f7909796b0f6

Binəqədi rayonunda yerləşən yaşayış kompleksinin sakinləri “İnterekonomservis” MTK-nın fəaliyyəti ilə bağlı bir sıra ciddi iddialar səsləndirirlər.

Sakinlərin Patrul.az-a bildirdiyinə görə, binanın ümumi mülkiyyətinə aid olan zirzəmi sahələri müxtəlif şəxslərə satılıb və hazırda bu məsələ məhkəmə mübahisəsinin predmetidir.

Şikayətçilər bildirirlər ki, zirzəmi ilə bağlı iş hazırda Apellyasiya Məhkəməsində icraatdadır. Onların sözlərinə görə, məhkəmə çəkişməsi davam etdiyi halda bəzi sahələr üzrə sənədləşmə aparılıb, hətta ayrı-ayrı şəxslərə çıxarışlar (kupçalar) verilib. Sakinlər hesab edirlər ki, hüquqi mübahisə yekunlaşmadan belə sənədləşmənin aparılması ciddi suallar doğurur.

İddialara görə, binanın ümumi istifadəsində olan qaraj sahəsində də dəyişikliklər edilib. Belə ki, qarajda yeni girişlər açılıb, müəyyən hissələr hörülərək ayrılıb və sonradan müxtəlif şəxslərə satılıb. Sakinlər bildirirlər ki, həmin ərazi avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş ümumi istifadə sahəsidir və onun bölünərək satılması qanunvericiliyin tələblərinə uyğun deyil.

Sakinlərin narazılığı bununla da bitmir. Onların sözlərinə görə, 2025-ci ilin avqust ayında bina sakinlərinin iştirakı ilə idarəedici MMC yaradılsa da, bina bu günədək tam şəkildə yeni idarəetməyə təhvil verilməyib.

Şikayətçilər həmçinin bildirirlər ki, MTK-nın kommunal xidmətlərlə bağlı borcları qalmaqdadır. İddialara əsasən, “Azərişıq” ASC qarşısında təxminən 34 min manat borc mövcuddur. Sakinlər hesab edirlər ki, bu borcun ödənilməməsi nəticəsində elektrik enerjisinin kəsilməsi riski yaranır və nəticədə günahı olmayan yüzlərlə sakin zərər çəkə bilər.

Sakinlər aidiyyəti dövlət qurumlarından səsləndirilən iddiaların araşdırılmasını, ümumi istifadədə olan sahələrin hüquqi statusuna aydınlıq gətirilməsini, eləcə də binanın qanunvericiliyin tələblərinə uyğun şəkildə idarəedici quruma təhvil verilməsini tələb edirlər.


Bənzər xəbərlər