Bakıda keçiriləcək Suriya-İsrail danışıqlarında nələr müzakirə olunacaq? - ŞƏRH
Bakı növbəti dəfə Yaxın Şərqin iki əzəli rəqibi olan İsrail və Suriya arasında vasitəçilik rolunu öz üzərinə götürüb. Azərbaycan diplomatik fəallığı ilə ölkələr arasında daima sülh və sabitliyin təmin olunmasına səy göstərir. İsrail-Suriya danışıqlarının Bakıda baş tutması ilə bağlı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də açıqlama verib. O bildirib ki, gələcək dövrlərdə Bakıda İsrail və Suriya rəsmilərinin iştirakı ilə birbaşa danışıqlar gözlənilir: “Bizim region ölkələri ilə, o cümlədən İsrail və bir sıra müsəlman dövlətləri ilə yaxşı münasibətlərimiz mövcuddur”, – deyə Hacıyev qeyd edib.
Bəs Azərbaycanın vasitəçiliyi ilə baş tutacaq İsrail-Suriya danışıqlarında hansı əsas mövzular müzakirə olunacaq?
Bu barədə Patrulaz.az-a fikirlərini bölüşən politoloq Rizvan Hüseynov Azərbaycanın iki ölkə arasındakı vasitəçiliyini yüksək qiymətləndirir:
“Suriya İsrail arasındakı danışıqların bir neçə raundu keçirilib. Son vaxtlar paytaxtımızda mühüm görüşlər keçirilir. Azərbaycanın vasitəçi olaraq beynəlxalq arenada rolu artıb. Biz gördük ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Amerika haqqında dediklərini Donald Tramp öz şəxsi sosial şəbəkəsində paylaşdı. Bunlar Azərbaycanın rolunun böyük olduğunu göstərir. Ölkəmiz istər Türkiyə-İsrail, istərsə də Suriya-İsrail danışıqlar formatında, Yaxın Şərqdə gedən proseslərdə vacib rol oynayıb”.

Politoloqun sözlərinə görə, Azərbaycan danışıqlar zamanı tərəflərini mövqeyini nəzərə alaraq, beynəlxalq hüquqa uyğun şəkildə addımlar atacaq:
“Bakıda baş tutacaq Suriya-İsrail danışıqlarında bir sıra məsələlər müzakirə olunacaq. Hər iki ölkə arasında ciddi problem var. Belə ki, İsrail nəzarətə götürdüyü Suriya ərazilərində öz mövcudluğunu genişləndirmək istəyir. Bu da təbii olaraq, beynəlxalq hüquqa ziddir. Amma İsrail öz milli maraq və təhlükəsizliyindən çıxış edərək tələblər irəli sürür. Amma hansısa ölkənin başqa dövlətin ərazisini öz təhlükəsizliyinə görə işğal etməsi düzgün deyil. O zaman da bütün ölkələr bir-birlərini işğal etməyə başlayar. Biz də Azərbaycan olaraq bu cür işğalların nəticəsini bilirik. Bu baxımdan ölkəmizin təcrübəsi imkan yaradar ki, hər iki tərəf arasında beynəlxalq hüquqa uyğun olan formatda addımlar atılacaq. Həmçinin bu addımda qardaş Türkiyənin də Suriyaya olan dəstəyini nəzərə alaraq, bu çərçivədə qərarların verilməsinə şərait yaradılacaqdır. Ümid edirik ki, İsrail tərəfi də bunu anlayacaq. Ona görə ki, İsrailin apardığı siyasət Suriyanın milli və dini zəmində parçalanmasına gətirib çıxarır. Bu da Türkiyə və başqa ölkələrin maraqlarına ziddir. Suriya Türkiyə ilə sərhəddə yerləşdiyinə görə, burada yeni münaqişə ocağının yaranmasını istəməzlər. Ona görə də İsrail hökuməti bunu anlamalıdır. Ümid edirik ki, Bakıda baş tutacaq Suriya-İsrail danışıqlarında hamı uyğun olan formatda məsələnin həlli tapılacaq”.
Gülbəniz Səfərova






