media-inshot_20251208_172559807

Bakının Xətai rayonunda 1996-cı il təvəllüdlü Yəhya ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Süsənə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Patrul.az “Demokrat.az”a istinadən xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Cəlilabad rayon sakini Yəhya həmin gün gecəyarısı qonaq otağında arvadı Süsən ilə ailə münaqişəsi zəminində mübahisə edib.

Aralarında yaranmış mübahisə zamanı o, qəsdən əl zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla döyüb.

Hadisəni törədən Yəhyanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Yəhya ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Süsən ilə 2016-cı ildə ailə həyatı qurub: “Hazırda həmin evlilikdən 8 yaşlı oğlum var. Son bir ay yarımdır ki, heç bir yerdə işləmirəm, ailədə maddi və sosial problemlər yaranır. Buna görə Süsənlə də aramızda mübahisələr olur”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl saat 23 radələrində Süsən işdən çıxaraq evə gəlib: “Süsən aptekdə əczaçı kimi işləyir. Süsən evə gəldikdən sonra ondan nəyə görə günorta pul göndərməməsini soruşdu. Günorta saatlarında Süsənin istifadəsində olan mobil nömrəyə ismarıc yazaraq ondan 2 manat istədim ki, özümə siqaret alım. O, da pulu olmadığını bildirərək imtina etdi.

Süsəndən bu barədə soruşduqda, mənə işləməyimi, özümün pul qazanmağımı bildirdi. Buna görə aramızda mübahisə başladı. Mübahisə zamanı, yəni gecə saat 00:20-də yaşadığımız mənzilin qonaq otağında olarkən əlim ilə Süsənin baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurdum. Həmin vaxt əsəbi olduğum üçün dəqiq Süsənin hansı sözündən sonra əsəbiləşdiyimi xatırlamıram. Süsən də əlimdən çıxaraq aşağı düşdü və polislərlə birgə mənzilə qayıtdı”.

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ərinə qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə xitam verilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından azad edilib.


Bənzər xəbərlər