media-92416398-9040-4cfc-865d-0faa957d7296

Bakıda fəaliyyət göstərən tikinti şirkətlərindən birinin ərazisində baş verən insidentlə bağlı yeni detallar üzə çıxıb. Hadisə fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Nərimanov rayonunda yerləşən ərazidə “Okuklu Holding”in rəhbəri, Türkiyə vətəndaşı Yılmaz Okuklu ilə bir qrup şəxs arasında mübahisə yaranıb. İnsident zamanı tərəflər arasında dava-dalaş baş verib və hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, fevralın 8-də səhər saatlarında Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə ərazidə məskunlaşmış bir neçə sakin arasında insident baş verməsi barədə polisə məlumat daxil olub. Əraziyə cəlb edilən polis əməkdaşları tərəfindən mübahisənin qarşısı alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Patrul.az-ın əldə etdiyi yeni məlumatlara görə, insidentin baş verdiyi ərazi ilə bağlı daha ciddi iddialar mövcuddur. Belə ki, Nərimanov rayonunda bir tikinti şirkətinə məxsus torpaq sahəsində qanunsuz tikinti aparılması cəhdi qeydə alınıb.

İddialara əsasən, adı hallanan Yılmaz Okuklunun həmin torpaq sahəsində gizli şəkildə tikinti işləri apararaq, sonradan ərazinin rəsmi sahibinə qarşı maddi tələblər irəli sürməyi planlaşdırdığı ehtimal olunur. Bu hal daşınmaz əmlak sahəsində rast gəlinən təzyiq və şantaj xarakterli qeyri-qanuni sxemlərə bənzədilir.
Bildirilir ki, uzun illərdir Azərbaycanda tikinti materiallarının satışı ilə məşğul olduğu deyilən Yılmaz Okuklunun bu hərəkətləri şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edildiyi və təqdim olunan faktların araşdırıldığı qeyd olunur. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəyi gözlənilir.

Patrul.az mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.


Bənzər xəbərlər