media-inshot_20260106_120700724

Mövcud iqtisadi şəraitdə bir çox vətəndaş müxtəlif səbəblərdən kredit öhdəliklərini vaxtında yerinə yetirməkdə çətinlik çəkə bilir. Gəlirin azalması, iş yerinin itirilməsi, sağlamlıq problemləri və ya gözlənilməz xərclər kredit ödənişlərinin gecikməsinə səbəb olan əsas amillər sırasındadır. Belə hallarda borcalanlar üçün ən çox maraq doğuran məsələlərdən biri kredit ödənişinin gecikdirilməsi və ya müddətinin uzadılması imkanlarıdır.

Kredit ödənişini həyata keçirə bilmədikdə, hansı hallarda onun müddətini uzatmaq olar?

Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki,maliyyə çətinliyi müvəqqəti olduqda və borcalan ödəniş niyyətini saxladıqda, kreditin müddəti uzadıla bilər:

“Kredit ödənişinin vaxtında həyata keçirilməsi mümkün olmadıqda, onun müddətinin uzadılması həm yerli bank təcrübəsində, həm də beynəlxalq maliyyə praktikasında geniş tətbiq olunan restrukturizasiya mexanizmi kimi qəbul edilir. Beynəlxalq təcrübədə – xüsusilə Avropa İttifaqı ölkələrində, ABŞ-da və beynəlxalq maliyyə institutlarının (məsələn, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən tövsiyə olunan yanaşmalarda) əsas prinsip ondan ibarətdir ki, borcalanın maliyyə çətinliyi müvəqqəti xarakter daşıyırsa və öhdəliyi tam yerinə yetirmək niyyəti mövcuddursa, kreditin müddətinin uzadılması borcun geri qaytarılmasının daha real və davamlı yolu hesab olunur.Bankçılıq təcrübəsində kredit müddətinin uzadılmasına əsas verən hallar əsasən gəlir itkisi, işsizlik, sağlamlıqla bağlı uzunmüddətli problemlər, fors-major hallar və ailə vəziyyətində kəskin dəyişikliklər kimi obyektiv səbəblərlə əlaqələndirilir. Məsələn, Avropa Bank Təşkilatının (EBA) problemli kreditlərlə bağlı yanaşmasında qeyd olunur ki, borcalanın ödəmə qabiliyyəti bərpa oluna bilirsə, banklar cərimə tətbiq etməkdənsə, ödəniş qrafikinin dəyişdirilməsi və ya kredit müddətinin uzadılması yolu ilə riskləri azaltmalıdırlar. Bu yanaşma həm borcalanın maliyyə sabitliyini qoruyur, həm də bankın kredit portfelinin sağlamlığını təmin edir”.

media-inshot_20260106_120441988

R. Qaraşov kredit müddətinin uzadılması yalnız yazılı əlavə razılaşma ilə hüquqi qüvvə qazandığını, şifahi razılaşma isə tərəfləri hüquqi risklərdən qorumadığını vurğuladı:

“Xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, kreditin müddətinin uzadılması şifahi razılaşma ilə hüquqi nəticə doğurmur. Beynəlxalq və yerli hüquqi praktika baxımından belə dəyişikliklər yalnız kredit müqaviləsinə əlavə və ya dəyişiklik haqqında razılaşma formasında rəsmiləşdirildikdə hüquqi əhəmiyyət kəsb edir. Bu zaman yeni ödəniş qrafiki, uzadılmış müddət, faizlərin hesablanma qaydası və digər dəyişən şərtlər yazılı şəkildə təsbit olunur və tərəflərin imzası ilə qüvvəyə minir. Əks halda, əvvəlki müqavilə şərtləri qüvvədə qalır və gecikmə rəsmi pozuntu kimi qiymətləndirilə bilər.Beynəlxalq müqavilə hüququnda qəbul olunmuş prinsipə əsasən (məsələn, UNIDROIT Prinsipləri və kontinental hüquq sistemlərində tətbiq edilən yanaşmalar), müqavilə öhdəliklərinə edilən hər bir dəyişiklik tərəflərin qarşılıqlı razılığı və yazılı forma tələb etdikdə, bu forma tələbinə əməl olunmaması hüquqi risk yaradır. Bu baxımdan kredit müddətinin uzadılması zamanı bağlanan əlavə razılaşma borcalanı cərimə və sanksiyalardan, bankı isə hüquqi mübahisələrdən qoruyan əsas sənəd rolunu oynayır”.

Vəkilin sözlərinə görə, ödənişdə çətinlik yarandıqda kredit müddəti uzadıla bilər, lakin bu yalnız müqaviləyə edilmiş rəsmi yazılı dəyişikliklə hüquqi qüvvə qazanır:

“Nəticə etibarilə, kredit ödənişinin həyata keçirilməsində çətinlik yarandıqda, beynəlxalq təcrübəyə uyğun olaraq banklar əsaslandırılmış hallarda kreditin müddətini uzada bilərlər. Lakin bu proses yalnız müqaviləyə və ya onun əlavəsinə edilmiş rəsmi dəyişiklik kimi rəsmiləşdirildikdə hüquqi qüvvəyə malik olur və tərəflər üçün hüquq və öhdəliklərin aydın, şəffaf və hüquqi baxımdan təmin edilmiş şəkildə icrasını təmin edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər