media-inshot_20260220_194248873

Bayram günləri hamı üçün istirahət, ailə ilə vaxt keçirmək və bir az nəfəs almaq deməkdir. Amma bayramlarda işləyənlər də az deyil.

Bəs bayram günlərində maaş necə hesablanır? 

Xüsusilə dövlət tərəfindən qeyri-iş günü elan olunan tarixlərdə işləyənlər və ya növbəli rejimdə çalışanlar üçün bu məsələ daha aktual olur.

Patrul.az mövzu ilə bağlı araşdırma edib.

Əmək qanunvericiliyinə görə, rəsmi bayram və ümumxalq hüzn günləri qeyri-iş günləri sayılır. Əgər işçi həmin gün işləmirsə, onun aylıq maaşı azaldılmır. Yəni sabit aylıq əməkhaqqı alan şəxs üçün bayram gününün istirahət olması maaşa mənfi təsir göstərmir. Çünki aylıq əməkhaqqı iş günlərinin sayına görə deyil, vəzifəyə görə müəyyən olunur.

Məsələ bayram günü işləmək məcburiyyəti yarananda dəyişir. Əgər işçi rəsmi bayram günü işə cəlb edilirsə, həmin gün üçün əməkhaqqı adi gündən fərqli qaydada hesablanır. Qanunvericiliyə əsasən, bayram və qeyri-iş günlərində görülən işə görə əməkhaqqı ən azı ikiqat məbləğdə ödənilməlidir. Bu o deməkdir ki, işçi ya həmin gün üçün ikiqat ödəniş alır, ya da onun razılığı ilə başqa bir istirahət günü ilə kompensasiya edilir.

Saatlıq və ya gündəlik əməkhaqqı alanlar üçün hesablanma daha konkret aparılır. Məsələn, işçi saatlıq tariflə çalışırsa və bayram günü 8 saat işləyibsə, həmin 8 saatın hər biri ikiqat tariflə ödənilir. Eyni qayda gündəlik əməkhaqqı sisteminə də aiddir. İstehsal həcminə görə ödəniş alınan sistemdə çalışanlara isə əlavə olaraq bayram günü üçün müəyyən edilmiş əlavə haqq verilir.

Növbəli qrafiklə işləyənlər üçün isə vəziyyət bir qədər fərqlidir. Əgər iş qrafikinə əsasən bayram günü onların növbəsinə düşürsə, bu da yenə ikiqat ödəniş prinsipi ilə hesablanır. İşəgötürən “qrafik belə idi” deyərək əlavə ödənişdən yayınmaq hüququna malik deyil. Qanun burada açıqdır: rəsmi qeyri-iş günündə görülən əmək əlavə dəyər kimi qiymətləndirilir.

Bəzi hallarda işçi bayram günü işləməyə razılıq verməlidir. Xüsusilə istehsalat zərurəti olmayan sahələrdə işçinin yazılı razılığı olmadan onu bayram günü işə cəlb etmək düzgün hesab edilmir. Fövqəladə hallar və fasiləsiz istehsal sahələri isə istisna təşkil edir.

İşçi rəsmi qeyri-iş günlərinə görə maaş itirmir. Əksinə, əgər işləyirsə, əlavə qazanc əldə edir.

Əsas məsələ öz hüquqlarını bilmək və əmək müqaviləndə göstərilən şərtlərə diqqət etməkdir.

Ləman Sərraf


Bənzər xəbərlər