media-gemini_generated_image_fctv4jfctv4jfctv

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da başqasının fotoşəkillərindən hədə-qorxu və şantaj məqsədilə istifadə etdiklərinə görə məsuliyyətə cəlb olunan şəxslərin sayı az deyil. Adətən, bu üsullara əl atan şəxslər ya pul tələb etmək, ya da qarşı tərəfi şəxsi məqsədləri naminə rüsvay etmək niyyəti güdürlər.

Ölkəmizdə isə aidiyyəti dövlət qurumları tərəfindən şantaj nəticəsində zərər çəkmiş şəxslərin müraciətləri operativ araşdırılır və hüquqazidd əməl törədən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

Bəs bir şəxsin fotoşəkillərini və ya videomateriallarını onun razılığı olmadan əldə edərək, sonradan həmin görüntülərdən istifadə etməklə onu hədələyən, pul tələb edən və ya hər hansı hərəkəti etməyə məcbur edən şəxsləri Azərbaycan qanunvericiliyinə əsasən hansı konkret cəzalar gözləyir?

Mövzu ilə bağlı Patrul.az-a hüquqşünas Əkrəm Həsənov açıqlama verib.

Onun sözlərinə görə, belə əməllər cinayət tərkibi yaratdığı üçün təqsirli şəxslər 15 ilədək azadlıqdan məhrum edilə bilərlər:

“Burada iki ayrı cinayət tərkibi mövcuddur: Birincisi, Cinayət Məcəlləsinin 156-cı maddəsi – “Şəxsi həyatın toxunulmazlığını pozma”dır. Bu maddəyə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, həmin məlumatları əks etdirən sənədlərin, foto və video materialların, səs yazılarının qanunsuz toplanması, yayılması, satılması və ya başqa şəxsə verilməsi 1000 manatadək cərimə və ya bir ilədək islah işləri ilə cəzalandırıla bilər”.

Ə.Həsənov qeyd edib ki, bu əməllər hədə-qorxu və şantaj məqsədilə törədildikdə məsuliyyət daha da ağırlaşır:

“Başqasının fotoşəkillərindən və ya digər şəxsi materiallarından hədə-qorxu və şantaj vasitəsi kimi istifadə olunması Cinayət Məcəlləsinin 182-ci maddəsi – “Hədə-qorxu ilə tələb etmə” ilə tənzimlənir. Bu maddəyə əsasən, zərərçəkmiş şəxsi və ya onun yaxın qohumlarını zor tətbiq etməklə, onların barəsində rüsvayedici məlumatları yaymaqla hədələyərək özgənin əmlakını, əmlaka olan hüququnu və ya əmlak xarakterli digər hərəkətləri tələb edən şəxs beş ilədək azadlıqdan məhrum edilə bilər”.

media-4d25a313-2685-4963-a6e5-da77879eab12_1200

Hüquqşünas əlavə edib ki, cinayətin ağırlaşdırıcı halları da mövcuddur:

“Əgər bu əməllər zor tətbiq edilməklə və ya xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədilərsə, cəza 10 ilədək azadlıqdan məhrumetmə ola bilər. Əgər külli miqdarda əmlak tələb edilərsə, bu halda cəza 15 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Qanunvericiliyə əsasən, xeyli miqdar 1000 manatdan, külli miqdar isə 50 min manatdan artıq məbləğ hesab olunur”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər