Bir gündə iki gənc fəhlənin öldüyü tikinti proseslərində təhlükəsizlik niyə təmin olunmur? - EKSPERT DANIŞDI
Bu gün Xırdalan şəhərində baş verən faciə bir ailəni övlad itkisiylə sarsıtdı. Tikilməkdə olan binanın 3-cü mərtəbəsindən yıxılan 29 yaşlı fəhlə aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə həyatını itirdi. Eyni gündə Sumqayıtda daha bir acı xəbər isə, 20 yaşlı fəhlənin tikinti zamanı baş verən uçqunun altında qalaraq ölməsi oldu. Bir gündə iki gənc insan – çörək pulu dalınca gedib geri dönməyən iki fəhlə…
Bu cür hadisələr artıq istisna yox, normaya çevrilməkdədir. Xüsusilə də, yay aylarında tikinti sahəsində işlərin intensivləşməsi ilə paralel olaraq, fəhlələrin ölüm və xəsarət hallarında da ciddi artım müşahidə olunur. Niyə insan həyatı bu qədər ucuzlaşıb?…
Ən əsası isə, çörək pulu qazanmaq üçün həyatlarını təhlükəyə atan fəhlələrin sayı artdıqca, tikinti şirkətlərinin və nəzarət qurumlarının məsuliyyətsizliyi də bir o qədər görünür olur. Hər ölüm hadisəsindən sonra bir müddətlik səs-küy yaranır, rəsmi qurumlar yoxlamalara başlayır. Lakin bu reaksiyalar çox çəkmir. Günlər, bəlkə də saatlar sonra hər şey unudulur. Yəni, vəziyyət dəyişmir, problemlər yenə də olduğu kimi qalır.
Bəs tikinti işləri zamanı ölüm və ya xəsarətlərin qarşını almaq üçün hansı tədbirlər görülməlidir?
Bu barədə Patrulaz.az-a öz fikirlərini bölüşən Təhlülkəsizlik eksperti Orxan Musayev tikinti prosesləri zamanı həm işə götürənlərin, həm də işçilərin görülməli olduğu tədbirlər və əməl etməli olduğu qaydaları vurğuladı:
“Biz bəzən tikintidə işçi ölümünü adi hal kimi qəbul edirik. Amma unutmaq lazım deyil ki, hər qəzanın arxasında görülməli olan, amma “görünməyən” tədbirlər dayanır. Tikinti prosesində ən çox ölüm halları hündürlükdən yıxılma halları ilə bağlı olur. Bu hadisələrin baş verməsinə birinci səbəb təhlükəsizlik kəmərinin olmaması, və yaxud düzgün dayaqlardan bağlanılmaması ilə bağlıdır. İkinci sırada elektrik vurması, Üçüncüsü yerdə issə ağır texnikalardan düzgün idarə olunmaması dayanır”.

O. Musayev bildirir ki, bir çox tikinti şirkətləri sadə təhlükəsizlik avadanlıqlarına vəsait ayırmaqdan yayınaraq, insan həyatını arxa planda qoyur. Ekspertin sözlərinə görə, bu cür məsuliyyətsiz yanaşma təkcə hüquqi pozuntu deyil, eyni zamanda ciddi mənəvi problemdir:
“İşçilər işə götürüldükləri zamandan etibarən təhlükəsizlikləri tam təmin olunmalı, xüsusi ayaqqabılarla həmən şəxslər təmin olunmalıdır. Çünki, işçilərin təhvil verilmiş vasitələrdən tam istifadə etmək öhdəliyi var. Təhlükəsizlik kəməri, qoruyucu dəbilqə, işçi ayyaqabısı elə də bahalı vasitələr deyil. Amma bəzi tikinti şirkətləri 15-20 manat dəyərində olan qorucu vasitələrə qənaət etməklə insan həyatını risqə atır. Bir insanın həyatını qənaət obyektinə çevirmək nə hüquqi, nə də mənəvi baxımından qəbul ediləndir”.
Ekspert xüsusi olaraq vurğulayır ki, bəzi tikinti şirkətlərinin sənədlərində təhlükəsizlik tədbirlərinə əməl olunduğu göstərilsə də, bu yalnız formal xarakter daşıyır:
“Bəzi tikinti şirkətkətinin sənədlərində “təhlükəsizlik təmin olub” yazılsa da, reallııqda nə təlim keçirilir, nə də tikinti prosesinə nəzarət edilir. İşə Mütəxəssislər diqqətə çatdırır ki, bəzi tikinti şirkətlərinin sənədlərində təhlükəsizlik tədbirlərinə əməl olunduğu göstərilsə də, bu yalnız formal xarakter daşıyır və real vəziyyəti əks etdirmir. götürənlər və işçilər tərəfindən təhlükəsizlik qaydalarının tələblərinə ciddi yanaşılmalı və müəssisələrdə təhlükəsizlik mədəniyyətinin inkişafına töhfələr verilməlidir. Çünki bu qaydalara biganə yanaşmaq gec-tez bədbəxt hadisələrlə nəticələnir”.
Gülbəniz Səfərova






