“Bizi 25 ildir ki, yaşadığımız qanuni evlərimizdən çıxarmaq istəyirlər” Binəqədi sakinləri narazıdırlar - VİDEO
Binəqədi rayonunda bir qrup sakin evlərinin sökülməsi təhlükəsi ilə bağlı məhkəməyə verildiklərini bildirərək, vəziyyətdən narazılıq edirlər.
Patrulaz.az-a daxil olan məlumata görə, 2025-ci ilin yanvar ayında Binəqədi Neft Kəmərləri İdarəsi tərəfindən neft buruqlarına 20 metr məsafədə yerləşən evlərin sökülməsi barədə məhkəməyə müraciət olunub.
Lakin sakinlər iddia edirlər ki, evlər 2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi sərəncamları əsasında inşa olunub.
“Tikintiyə icazəmiz və müvafiq sənədlərimiz var. 25 ildir ki, bu evlərdə yaşayırıq və heç bir xəbərdarlıq verilməyib. İndi isə bizi qanuni evlərimizdən çıxarmaq istəyirlər,” – deyə narazı sakinlərdən biri bildirib.
Sakinlər həmçinin Nazirlər Kabinetinin 2004-cü il 167 nömrəli qərarına istinad edərək vurğulayırlar ki, neft ixracı kəmərlərinə 25-50 metr məsafədə tikinti aparılmasına icazə verilir. Onların sözlərinə görə, sözügedən ərazidəki evlər 2000-ci ildə tikilib, halbuki Binəqədi Neft Kəmərləri İdarəsi isə yalnız 2005-ci ildə fəaliyyətə başlayıb.
“Əgər evlər söküləcəkdisə, niyə bu illər ərzində heç bir qurum xəbərdarlıq etməyib?” – deyə sakin sual verərək, dövlət qurumlarına müraciət edib.
Görüntülərdə də aydın görünür ki, narazı sakinlər yaşadıqları evlərin sökülməsi ehtimalına qarşı etirazlarını ifadə edirlər.
Onlar bildirirlər ki, eyni məsafədə yerləşən yeni binaların tikintisi davam edir və bu ikili yanaşma ilə bağlı şübhələr mövcuddur.
O cümlədən, “Green Ville Residence” burda öz yaşayış komplekslərini tikməyə başladıqdan sonra insanlara evlərinin söküləcəyi barədə məlumat verilib.
Həmçinin onlar onu da bilirirlər ki, hazırda SOCAR-dan sakinlərə evlərin sökülməsi barədə şikayət gəlib.
Xatırladaq ki, bu məsələ ilə bağlı artıq məhkəmə prosesi başlanıb və sakinlərdən təxminən 300 nəfər dövlət qurumlarına rəsmi müraciət ünvanlayıb.
Qeyd edək ki, hələlik həmin müraciətlərə cavab verilmədiyi üçün sakinlər problemin qısa zamanda həllini gözləyir və aidiyyəti qurumlardan müdaxilə tələb edirlər.
Gülbəniz Səfərova