media-inshot_20260121_133813604

Bilirik ki, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu platformalardan tanıdığımız, gördüyümüz blogger və influenserlər də demək olar, dost-tanışımızdan daha yaxın olub. Yəqin ki əksəriyyətimiz onların verdiyi məsləhətləri dinləyir, getdiyi yerlərə getmək, aldıqlarını almaq, bir sözlə yaşadığı həyatı yaşamaq istəyir. Bütün bunlar mümkün olmadıqda isə özümüzü natamam hiss edir, hətta depressiyaya belə düşə bilirik. 

Bəs blogger və influenserlərə həsəd aparmaq, onları təkrarlamaq hansı psixoloji vəziyyətdən irəli gəlir?

Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova Patrul.az-a fikirlərini bölüşüb.

O bildirib ki, sosial şəbəkələrdə blogger və influenserlərin həyatına heyranlıqla baxmaq, onları təkrarlamaq istəyi əsasən bir neçə psixoloji səbəbdən qaynaqlanır:

“Bu, ən çox sosial müqayisə ehtiyacı ilə bağlıdır. İnsan təbiət etibarilə özünü başqaları ilə müqayisə edir. Sosial media isə bu müqayisəni daha da kəskinləşdirir, çünki biz orada insanların həyatının yalnız parlaq, filtrdən keçmiş tərəfini görürük.

İnfluenserlər adətən ideal bədən ölçüləri, maddi rifah, səyahətlər və “mükəmməl həyat” görüntüsü təqdim edirlər. Bu görüntülər reallığı tam əks etdirmədiyi halda, izləyicidə “mən niyə belə deyiləm?” sualını yaradır. Nəticədə insan öz həyatını dəyərsiz, natamam hiss etməyə başlayır. Bu da özünə inamın azalmasına, uzun müddət davam etdikdə isə depressiv əlamətlərin yaranmasına səbəb ola bilər”.

media-img-20260108-wa0062-1

Psixoloqun sözlərinə görə, digər tərəfdən, burada özünü təsdiqləmə ehtiyacı da mühüm rol oynayır:

“İnsanlar bəzən influenserləri təqlid edərək, onların istifadə etdiyi məhsulları alaraq və ya eyni həyat tərzini yaşamağa çalışaraq, öz dəyərlərini artırdıqlarını düşünürlər. Əslində isə bu, daxili boşluğun xarici vasitələrlə doldurulmasına yönəlmiş cəhddir.

Unutmaq olmaz ki, sosial mediada gördüyümüz həyat real həyatın yalnız seçilmiş hissəsidir. Orada uğursuzluqlar, psixoloji çətinliklər, adi və darıxdırıcı günlər göstərilmir. İnsan bunu dərk etmədikdə, öz həyatını başqalarının “səhnələşdirilmiş həyatı” ilə müqayisə edir və bu da ciddi psixoloji gərginlik yaradır”.

“Bu vəziyyətdən çıxış yolu isə öz həyatımızın dəyərini anlamaq, sosial şəbəkələrdən istifadəni balanslaşdırmaq və özümüzü başqaları ilə deyil, öz əvvəlki halımızla müqayisə etməyi öyrənməkdir. Hər kəsin həyat yolu, imkanları və reallığı fərqlidir. Psixoloji sağlamlıq da məhz bu fərqliliyi qəbul etməklə qorunur”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər