media-inshot_20251223_115834884

Narsist xüsusiyyətlərə malik insanlarla münasibətlər uzunmüddətli olduqda emosional yorğunluq, özünə inamın azalması və psixoloji gərginlik yarada bilər. Bu cür şəxslər adətən manipulyasiya, emosional təzyiq və özlərini daim haqlı çıxarma davranışları ilə seçilirlər. Ona görə də onları həyatımızdan çıxararkən ani qərarlar deyil, düşünülmüş və mərhələli addımlar atmaq daha sağlam nəticə verir.

Bəs narsist xüsusiyyətlərə malik insanları həyatımızdan sağlam və psixoloji baxımdan zərər görmədən necə çıxara bilərik?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, narsistik xüsusiyyətlərə malik insanlarla münasibətlər zamanla emosional yorğunluq və dəyərsizləşmə yaratdığından, sağlam çıxış yolu özünü günahlandırmaq deyil, daxili sərhədləri dərk edib qorumaqdır:

“Bu sual bir çox insanın şəxsi təcrübəsindən doğan, eyni zamanda psixoloji baxımdan çox həssas və vacib bir mövzudur. Narsistik xüsusiyyətlərə malik insanlarla münasibətlər adətən ilk mərhələdə cəlbedici, təsiredici və ümidverici görünə bilər. Onlar özlərini inamlı, bacarıqlı, diqqətçəkən təqdim edir, qarşı tərəfdə “məni anlayan biri var” hissi yarada bilirlər. Lakin zaman keçdikcə bu münasibətlərdə əsas ağırlıq bir tərəfin üzərinə düşür. Emosional yüklənmə, özünü daim izah etmə ehtiyacı, dəyərsizləşdirilmə və psixoloji yorğunluq başlayır. Belə insanlarla sağlam şəkildə bir araya gəlməyin ilk və ən vacib şərti məsələni şəxsi zəiflik kimi qəbul etməməkdir. Narsistik davranışların kökündə empati çatışmazlığı, tənqidə dözümsüzlük, nəzarət ehtiyacı və başqalarının sərhədlərini görməmək dayanır. Qarşı tərəf nə qədər anlayışlı, səbirli və fədakar olsa da, bu davranış modeli dəyişmədikcə münasibətin dinamikası da dəyişmir. Buna görə də “mən daha yaxşı davransam, o dəyişər” düşüncəsi çox vaxt insanı daha dərin psixoloji zərərə aparır. Sağlam çıxış yolu daxili sərhədlərin bərpasından başlayır. İnsan öz emosional ehtiyaclarını, dözümlülük həddini və “mənim üçün bu münasibət nə bahasına başa gəlir?” sualını açıq şəkildə dərk etməlidir”.

media-inshot_20251223_115603437

Psixoloqun sözlərinə görə, narsistik xüsusiyyətlərə malik insanlarla sərhəd qoymaq və emosional məsafə yaratmaq psixoloji sağlamlığı qorumağın əsas şərtidir:

“Narsistik xüsusiyyətlərə malik şəxslər adətən sərhədlərin zəif olduğu yerlərdə daha rahat təsir göstərirlər. Buna görə də “yox” deməyi öyrənmək, hər izaha girməmək, özünü müdafiə etmək üçün daim sübut axtarmamaq psixoloji baxımdan qoruyucu rol oynayır. Bu, aqressiya və ya düşmənçilik deyil, sağlam özünümüdafiədir. Digər mühüm məqam emosional məsafənin tədricən artırılmasıdır. Bir çox hallarda kəskin ayrılıq mümkün olmur, xüsusən ailə üzvü, iş mühiti və ya uzunmüddətli münasibətlərdə. Bu zaman emosional reaksiyaların minimuma endirilməsi, manipulyativ söhbətlərə daxil olmamaq, günahkarlıq hissi ilə qərar verməmək insanın psixoloji tarazlığını qorumağa kömək edir. Narsistik davranış çox vaxt qarşı tərəfin emosional reaksiyası ilə qidalanır, bu reaksiya azaldıqca təsir gücü də zəifləyir. Eyni zamanda, insan özünü tək buraxmamalıdır. Belə münasibətlərdən çıxan şəxslər tez-tez öz dəyərlərinə şübhə etməyə başlayır, emosional olaraq tükənmiş hiss edir. Bu mərhələdə psixoloq dəstəyi, güvənilən insanlarla açıq söhbət və yaşananları sağlam çərçivədə dəyərləndirmək bərpa prosesini xeyli sürətləndirir. Məsələ kimisə “pis insan” elan etmək deyil, insanın öz psixoloji sağlamlığını prioritetə çevirməsidir. Narsistik xüsusiyyətlərə malik insanları həyatımızdan çıxarmaq intiqam, qaçış və ya zəiflik deyil. Bu, öz psixoloji təhlükəsizliyini qorumaq, sağlam münasibətlərə yer açmaq və emosional balansı bərpa etmək qərarıdır. Sağlam münasibətlər insanı kiçiltməz, daim özünü sübut etməyə məcbur etməz və ruhən tükətməz. Əgər bir münasibət sizi siz olmamaq bahasına davam edirsə, oradan çıxmaq gec deyil əksinə, çox vaxt ən sağlam addımdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər