“Bu cür tədbirlər nə qədər çox keçirilərsə, qələbə ruhuna bir o qədər güc qatmış olar” - DEPUTAT
Azərbaycan zəngin mədəni dəyərləri ilə dünyanın bir çox ölkələrində tanınır. Xalqımızın səmimiliyi, qonaqpərvərliyi və vətənpərvərliyi dillər əzbəri olub. Hələ eşidildiyi andan insanı valeh edən musiqilərimizi, bülbül cəh-cəhi kimi incə və gözəl səsə malik ifaçılarımızı da qeyd etməmək olmaz. Bəli, Azərbaycan həm də musiqiyə və incəsənətə göstərdiyi böyük maraq və verdiyi töhfələrlə dünyada seçilən ölkələrdəndir.
Bunlardan biri də hər il işğaldan azad olunmuş Qarabağın mədəniyyət beşiyi olan Şuşada keçirilən “Xarıbülbül” festivalıdır. 30 illik fasilədən sonra 2021-ci il mayın 12–13-də Şuşada təşkil edilən festival ilə Cıdır düzü yenidən xalqın səsinə bürünüb, ətraf aləm musiqi ilə dolub, təbiət isə sanki bu gözəlliyə rəng qatıb. Torpaqlarımız azad edildikdən sonra festival hər il Şuşada ənənəvi olaraq keçirilir. Son festival isə 2026-cı il mayın 14-15-də baş tutub.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif dillərdə ifalar səsləndirilib, fərqli ölkələrdən gələn sənət adamları Cıdır düzündə bir araya gəliblər. Burada ABŞ, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Yaponiyadan və s. sənətçilər iştirak ediblər. “Şuşanın dağları”, “Qarabağ şikəstəsi”, “Görüş yerimiz” kimi milli musiqilərimiz isə dinləyicilərin qəlbinə sanki su səpmiş kimi sərinlik və rahatlıq bəxş edib.
Bu festivalların ölkəmiz üçün əhəmiyyəti barədə Patrul.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, belə tədbirlər Azərbaycanın qələbə ruhunu daha da gücləndirir:
“Xarıbülbül” festivalı uzun illərdir ki, gözəl Şuşa və Qarabağımızda keçirilən mühüm mədəni tədbirlərdən biridir. Bu festivalın Azərbaycan mədəniyyətində və tarixində özünəməxsus yeri var. O, həm Ulu Öndərin, həm də Prezident İlham Əliyevin xüsusi önəm verdiyi tədbirlərdəndir.
Qarabağ işğaldan azad olunduqdan sonra festival yenidən bərpa olunaraq keçirilməyə başlanıb. Bu tədbir dövlətimiz tərəfindən yüksək səviyyədə təşkil olunur və burada mədəniyyət, incəsənət xadimləri fəal şəkildə iştirak edirlər. Bu, sıradan bir festival deyil, eyni zamanda Azərbaycanın əldə etdiyi böyük Qələbənin qürurunun təzahürüdür”.
“Bu gün belə festivallar onu göstərir ki, Şuşa Azərbaycandır və ölkəmizin mədəniyyət paytaxtı olaraq qalacaq. Bu mənada festival bir xalqın yenidən dirçəlişinin, özünübərpasının və böyük uğurlarının təsdiqidir. Bu cür tədbirlər nə qədər çox keçirilərsə, qələbəmizin ruhuna da bir o qədər güc qatmış olar” – deyə deputat əlavə edib.






