Bu ölkələrdə insanlar digərlərindən həftədə 8 saat daha çox işləyir- SİYAHI
Avropa Statistika İdarəsinin (Eurostat) yeni məlumatları Avropa ölkələri arasında iş saatları baxımından ciddi fərqlərin olduğunu göstərib. Mütəxəssislər bu fərqləri kollektiv əmək müqavilələri, yarımştat məşğulluğun yayılması və ölkələrin iqtisadi strukturu ilə əlaqələndirirlər.
Patrul.az-ın məlumatına görə, Avropa İttifaqında 20-64 yaş arasında olan çalışanların orta həftəlik iş müddəti 35,9 saat təşkil edir. Statistikaya həm tamştat, həm də yarımştat işləyən şəxslər daxil edilib.
Araşdırma göstərir ki, Avropada iş saatları ölkədən ölkəyə əhəmiyyətli dərəcədə dəyişir. Aİ üzvü ölkələr arasında ən qısa iş həftəsi Niderlandda qeydə alınıb. Burada insanlar orta hesabla həftədə 31,9 saat işləyirlər. Ən yüksək göstərici isə Yunanıstanda müşahidə olunub və orta iş müddəti 39,6 saat təşkil edib.
Avropa İttifaqına namizəd ölkələr və Avropa Azad Ticarət Assosiasiyasına (EFTA) üzv dövlətlər də nəzərə alındıqda, ən uzun iş həftəsi Türkiyədə qeydə alınıb. Türkiyədə insanlar orta hesabla həftədə 42,4 saat çalışırlar.
Türkiyədən sonra siyahıda Bosniya və Herseqovina (40,9 saat) və Serbiya (40,6 saat) yer alır. Bu üç ölkə həftəlik orta iş müddətinin 40 saatı keçdiyi yeganə Avropa ölkələridir.
Sonrakı yerlərdə isə Yunanıstan (39,6 saat), Şimali Makedoniya (39,5 saat) və Bolqarıstan (38,7 saat) qərarlaşıb. Beləliklə, Balkan regionu Avropada ən uzun iş həftəsinə malik ölkələrin üstünlük təşkil etdiyi bölgə kimi seçilir.
Lids Universitetinin professoru Devid Spenserin fikrincə, insanların nə qədər işləməsi təkcə şəxsi seçimlə müəyyən olunmur. O hesab edir ki, iş saatları əsasən əmək bazarının qaydaları, işəgötürənlərin tələbləri və məhsuldarlıq səviyyəsi ilə bağlıdır. Ekspertin sözlərinə görə, aşağı məhsuldarlıq və işçilərin əmək bazarındakı təsir imkanlarının məhdud olması bəzi ölkələrdə daha uzun iş saatlarına səbəb ola bilər.
Avropa Həyat və İş Şəraitinin Yaxşılaşdırılması Fondunun (Eurofound) tədqiqat rəhbəri Xorxe Kabrita isə bildirib ki, ölkələrdə iş vaxtının tənzimlənməsi mexanizmləri və əmək qanunvericiliyi də bu fərqlərin yaranmasında mühüm rol oynayır.
Araşdırmaya görə, Avropada ən qısa iş həftəsi olan ölkə Niderlanddır. Bu ölkədə çalışanlar həftədə orta hesabla 31,9 saat işləyirlər. Sonrakı yerlərdə Almaniya, Norveç və Danimarka qərarlaşıb. Hər üç ölkədə orta həftəlik iş müddəti 33,9 saatdır.
Bundan əlavə, Avstriya (34 saat), Belçika (34,3 saat) və Finlandiyada (34,7 saat) da orta iş həftəsi 35 saatdan azdır. Bu ölkələrdə beşgünlük iş rejimi nəzərə alındıqda, gündəlik orta iş müddəti 7 saatdan da aşağı düşür.
Eurostat-ın məlumatları göstərir ki, Avropada insanların iş yükü və iş saatları arasında nəzərəçarpacaq fərqlər mövcuddur. Bu fərqlər isə təkcə iqtisadi göstəricilərlə deyil, həm də əmək bazarının xüsusiyyətləri və sosial siyasətlə sıx bağlıdır.
Ləman Sərraf






