Otellərin girişində qurulan "Qoxu Tələsi"
Dünyanın hansı ölkəsində olursunuzsa olun, lüks bir otelin qapısından içəri addım atdığınız an sizi eyni, tanış və cəlbedici bir qoxu qarşılayır. Bu, təsadüfi bir təmizlik qoxusu deyil; milyardlarla dollarlıq otelçilik sənayesinin ən güclü gizli silahı olan “İmza Qoxu” (Signature Scent) strategiyasıdır.
Patrul.az-ın apardığı araşdırmalara görə, “Hilton”, “Sheraton”, “Marriott” və “The Ritz-Carlton” kimi dünya nəhəngləri müştəri sadiqliyini təmin etmək üçün vizual loqolardan daha çox olfaktor (qoxu) loqolara investisiya edirlər.
Otel zallarına xüsusi diffuzorlar vasitəsilə yayılan bu qoxular birbaşa beynin duyğu və xatirə mərkəzi olan limbik sistemi stimullaşdırır. Məqsəd müştəriyə qeyri-şüuri olaraq “Sən təhlükəsiz yerdəsən, evindəsən” mesajını ötürməkdir.
Məsələn, The Ritz-Carlton zəriflik hissi yaratmaq üçün dəniz mehini xatırladan yüngül çiçək və ağac notlarına üstünlük verir. Sheraton isə daha çox rahatlıq bəxş edən əncir və jasmin qarışıqlarından istifadə edir. Bu qoxular brendin xarakterini rəmzləşdirir və dünyanın harasında olursunuzsa olun dəyişmir.
Statistikaya görə, özünü rahat və “evindəki kimi” təhlükəsiz hiss edən müştəri otelin daxili xidmətlərindən (restoran, SPA, bar) daha çox istifadə edir. Düzgün seçilmiş imza qoxusu müştərinin oteldə keçirdiyi vaxtı 20%, əlavə xidmətlərə xərclədiyi pulu isə orta hesabla 15-18% artırır. Hətta bir çox otel artıq bu qoxulardan hazırlanan şamları və spreyləri suvenir kimi müştərilərinə sataraq əlavə gəlir mənbəyi yaradır.
Lüks hotellər bizə sadəcə gecələmək üçün bir otaq satmırlar, onlar bizə hisslər və xatirələr satırlar. “İmza qoxu” strategiyası brendləri unudulmaz edən ən effektiv marketinq hiyləsidir. Qapıdan içəri girdiyiniz an beyninizə sızan o xoş qoxu, əslində cibinizə doğru uzanan görünməz bir marketinq əlidir.
Cəmilə Cəfərzadə






