“Bu qərar saxta diplom bazarını tamamilə sıradan çıxaracaq” - EKSPERT RƏYİ
“Azərbaycanda diplom və attestatların rəqəmsal formatda verilməsi qərarının bir çox müsbət tərəfləri var”.
Bu fikirləri diplom və attestatların elektron formada təqdim olunmasının üstünlükləri barədə Patrul.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu səsləndirib.
Müsahibimiz sırayla bu üstünlükləri sadalayıb:
“Birinci məsələ saxtakarlığın qarşısının alınmasıdır. Rəqəmsal təhsil sənədləri vahid dövlət informasiya sistemində saxlanıldığı üçün diplom və attestatların saxtalaşdırılması demək olar ki, mümkünsüz olur. İşəgötürənlər və digər qurumlar sənədin orijinallığını dərhal yoxlaya bilirlər. Bu isə saxta diplom bazarını tamamilə sıradan çıxarır. Nəticədə təhsildə şəffaflıq və etibarlılıq ciddi şəkildə artır.
İkinci məsələ vətəndaşlar üçün rahatlıq və vaxt qənaətidir. Rəqəmsal format sayəsində sənədin itirilməsi riski olmur, fiziki surət çıxarılması və notarial təsdiqlə bağlı ehtiyac azalır. Vətəndaş istənilən vaxt mobil telefon, planşet və ya kompüter vasitəsilə sənədini əldə edə bilir. Xüsusilə də xaricdə yaşayanlar və işləyənlər üçün bu, böyük rahatlıqdır.
Üçüncü məsələ dövlət xərclərinə səmərəlilikdir. Bu qərar dövlət üçün mühüm üstünlüklər yaradır. Arxiv və saxlama xərcləri azalır, kağız, çap və logistika ilə bağlı xərclərə qənaət edilir. Həmçinin dövlət qurumları arasında inteqrasiya və məlumat mübadiləsi sürətlənir, nəticədə rəqəmsal dövlət modeli güclənir”.

Ekspert bunlarla yanaşı, dördüncü məsələnin ekoloji üstünlüklər olduğunu qeyd edib:
“Kağız sənədlərinin ləğvi minlərlə ağacın kəsilməsinin qarşısını alır. Eyni zamanda kağız tullantıları azalır və daha ekoloji dayanıqlı bir sistem formalaşır.
Beşinci məsələ beynəlxalq tanınma və uyğunluqdur. Rəqəmsal diplom və attestatlar xarici universitetlər və şirkətlər tərəfindən asanlıqla yoxlanıla bilir, QR-kod texnologiyası ilə inteqrasiya oluna bilir. Bu, Azərbaycan təhsil sistemini beynəlxalq standartlara daha uyğun hala gətirir və ölkənin təhsil ixracına, həmçinin beynəlxalq imicinə müsbət təsir göstərir.
Altıncı məsələ insan faktorunun və korrupsiyanın azalmasıdır. Rəqəmsal sistemdə əl ilə müdaxilə demək olar ki, mümkünsüzdür. Tanışlıq, “arxa qapı”, qeyri-rəsmi mexanizmlər aradan qalxır. Proseslər avtomatlaşdırılmış və izlənəbiləndir, bu isə korrupsiyaya qarşı real və effektiv bir mexanizm yaradır.
Yeddinci məsələ isə gələcək üçün çevik imkanlardır. Rəqəmsal təhsil sənədləri bir növ rəqəmsal portfel yaratmağa imkan verir – təhsil, sertifikatlar və s. Süni intellekt və HR platformalarına inteqrasiya edilə bilər. Bu, ömürboyu təhsil konsepsiyasını dəstəkləyir və insan kapitalının idarə olunmasında tamamilə yeni mərhələyə keçid təmin edir”.
“Ümumilikdə, mən düşünürəm ki, bu qərar təhsildə şəffaflığı artırır, vətəndaş və dövlət üçün xərcləri azaldır, rəqəmsal cəmiyyətə keçidi sürətləndirir və Azərbaycanın gələcək inkişaf modelinə strateji uyğunluq təşkil edir”,– deyə o əlavə edib.
Ləman Sərraf






